"Mənə göstərilən etimadı böyük sevinclə qarşıladım"

10 Fevral 2022 00:40 Boks 421
"Mənə göstərilən etimadı böyük sevinclə qarşıladım"

Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib.

Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra ABF-nin baş katibi Nağı Səfərov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib. Ardınca qurum rəhbərliyinə seçkilər keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev federasiyanın yeni prezidenti seçilib.

ABF-yə 2009-cu il yanvarın 23-dən Kəmaləddin Heydərov, daha əvvəl isə Ağacan Abiyev rəhbərlik edib.

K.Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olub.

Konfransda həmçinin, Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov isə İdarə Heyətinə üzv seçiliblər.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib. S.Babayev göstərilən etimada görə təşəkkür edib.

O, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəssislərin rəy və təkliflərinin xüsusilə diqqətə alınacağını bildirib: "Mənə göstərilən etimadı böyük sevinclə qarşıladım".

Yeni prezident vurğulayıb ki, Azərbaycanın bütün idman növlərinə geniş dəstək verilib:

"Azərbaycanda idmanın inkişafı ulu öndər Heydər Əliyevin dövründən başlayır. Onun siyasətini Prezident İlham Əliyev davam etdirir.

Son 15 ildə Azərbaycan idmanı beynəlxalq yarışlarda 945 medal qazanıb. Bu, ölkə başçısının idmana verdiyi dəstəyin bariz nümunəsidir.

Bu idman növü Azərbaycanda böyük ənənələrə malikdir. Olimpiya medallarına baxanda boks ikinci sıradadır.

Azərbaycan boksu və federasiyanın əvvəlki rəhbərliyi kifayət qədər böyük uğurlar əldə edib. Boksçular hər zaman uğurlu çıxış ediblər".

S.Babayev idmançılar, məşqçilərimiz və federasiya əməkdaşları ilə birlikdə boksun daha da inkişaf etməsi üçün işləyəcəklərini diqqətə çatdırıb:

"Biz bu sahədə fəaliyyətimizi daha da inkişaf etdirməliyik. Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında boksun məşhurluğunu artırmaq üçün müxtəlif işlər görməliyik.

İstedadlı idmançıları daha da peşəkar şəkildə hazırlıqlara cəlb etməliyik. İdmançıların yarışlarda daha aktiv iştirakı ilə bağlı tədbirlər görməliyik.

Azərbaycan regionlarında və Bakıda boksa maraq böyükdür. Bunu daha kütləvi etməliyik".

Digər Xəbərlər
Xəbər Lenti