Öz uşaqlarımız...

16:40 Bizimkilər 179
Öz uşaqlarımız...

Onlar yenə tarix yazmağı bacardı.

2022-ci ildə Avropa çempionluğunun sevincini yaşayan minifutbol üzrə Azərbaycan millisi 4 ildən sonra eyni uğuru təkrarladı.

Ötən il Bakıda keçirilən dünya çempionatının qalibiyyətini də üzərinə gəlsək, 4 il ərzində qazanılan kuboklar ölkə idman vitrininin ən baxımlı guşəsinə qoyulmalıdır.

Azərbaycan idmanı tarixində komanda idman növündə ilk Avropa çempionlarıdır onlar. İlk dünya çempionlarıdır onlar. İkiqat Avropa çempionlarıdır onlar.

Onlar futbolda, voleybolda, basketbolda qazanılan onminlərlə, yüzminlərlə manatı görmür. Onlar idmançı üçün qəpik-quruş hesab olunan qiymətə - aylıq 2-3, ən yaxşı halda 5 min manata oynayır.

Amma qazandıqlarının qarşılığını artıqlaması ilə verməyi bacarırlar. Avropa meydanlarında himnimizi səsləndirir, bayrağımızı uca tutur, Azərbaycan adını dünyaya tanıdırlar.

Onlar yekəxanalıq etmir. Onlar başlarını aşağı salıb oyunlarını oynayır. Onlar Avropa və dünya çempionu olduqlarını yerişlərində, duruşlarında, danışıqlarında hiss etdirmir.

Onlar Slovakiyada turnirin ən güclü rəqiblərini bir-bir sıradan çıxarıb, finalda Ukrayna kimi güclü rəqibi 2:0 hesabı ilə məğlub edib başlarını dik tutmağı bacardılar. Onlar komanda idman növlərinin axsadığı ölkəyə növbəti Avropa çempionu adını qazandırdı.

Kimdir onlar?

Öz uşaqlarımız!

Canları canımızdan, qanları qanımızdan, adları adımızdan, soyadları soyadlarımızdan, kökləri kökümüzdən, legionersiz minifutbol üzrə Azərbaycan millisinin üzvləri.

Rəhbərləri, məşqçiləri, futbolçuları, inzibatçıları, masajçıları – hamısı bizimdir, hamısı öz uşaqlarımızdır.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti