“Kolumbus Kru” ABŞ Açıq Kubokunun dörddəbir final mərhələsində “Nyu-York Siti”ni 1:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, “ScottsMiracle-Gro Field” stadionunda keçirilən qarşılaşmada oyunun taleyini Maks Arfsten həll edib.
Görüş uzun müddət qolsuz davam etsə də, futbolçu matçın sonlarına yaxın fərqlənərək, komandasına qələbə qazandırıb.
Qol epizodunda Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə məhsuldar ötürmə müəllifi olub.
Həmyerlimiz sağ cinahdan topu Maks Arfstenə çatdırıb, o isə təxminən 17 metr məsafədən dəqiq zərbə ilə hesabı açıb. Nəriman 64-cü dəqiqədə əvəzlənib.
Bu qələbə “Kolumbus Kru” üçün yeni baş məşqçi Loran Kurtuanın rəhbərliyi altında ilk uğur olub. Klub bir neçə gün əvvəl baş məşqçi Henrik Ridströmlə yollarını ayırmışdı.
“Kolumbus Kru” klub tarixində beşinci dəfə ABŞ Açıq Kubokunun yarımfinalına yüksəlib. Komanda bu mərhələdə sentyabr ayında “Orlando Siti” ilə qarşılaşacaq.


