“Qarabağ”la “Liverpul”un xanım fanatı İngiltərədən son məlumatları “Sportinfo”ya çatdırdı

20:40 Bizimkilər 384
“Qarabağ”la “Liverpul”un xanım fanatı İngiltərədən son məlumatları “Sportinfo”ya çatdırdı

“Qarabağ”ın xanım azarkeşi Sevinc Məmmədovanı çox az tanımaya bilər.

İllərdir. stadionlarda görməyə alışdığımız Məmmədova “Qarabağ”ı həyatının bir parçası saydığını çəkinmədən etiraf edir.

O, həm də “Liverpul” azarkeşidir ki, sevimli komandasının oyununu “Enfild Road”da izləmək arzusuna bir neçə il əvvəl çatmışdı.

Və hər nə qədər qəribə səslənsə də, Sevinc xanım 1 ilə yaxındır Liverpulda yaşayır, təhsil alır və işləyir.

“Liverpul” – “Qarabağ” matçından əvvəl Sevinc Məmmədovadan yaxşı müsahib ola bilməzdi.

Hər iki komandanın əlinin içi kimi tanıması, üstəlik, Liverpulda yaşaması Sportinfo.az-ın suallarını rahatlıqla cavablandırmağa imkan verdi.

- Hazırda Liverpulda məlum oyunla bağlı ab-hava necədir? Ajiotaj hiss olunur?
- Sözün açığı, bu şəhərdə oyunla bağlı hərəkətlilik hər zaman oyun günləri hiss olunur. Adi günlərdə də şəhərdə klubun formasıyla dolaşan çoxsaylı insanlar, turistlər görmək mümkündür. Oyun günləri isə ab-hava tam başqa olur. Əsas da şəhərin mərkəzində və stadiona aparan küçələrdə çox möhtəşəm görüntülər görmək mümkündür. İndidən danışırıqsa, hazırda sakitlikdir.

- “Liverpul” azarkeşi olduğunuzu bilirik. Sizcıə, İngiltərə təmsilçisinin Premyer Liqanın son 5 matçında qələbə qazana bilməməsi “Qarabağ”ın xeyrinə işləyə bilər?
- Fərqli turnirlərdir. Klubların özləri belə, bu yarışlara tam fərqli yanaşır, fərqli hazırlaşır. Baxın, “Qarabağ” Çempionlar Liqasında “Çelsi” ilə bərabərə qalır, “Ayntraxt”ı geridönüşlə məğlub edir, lakin öz meydanında “Kəpəz”ə uduzur. “Liverpul”un da Premyer Liqadakı və ÇL-dəki nəticələri fərqlidir. “Qırmızılar” azarkeşlərin könlünü almaq, doğma meydanda qələbə qazanmaq üçün “Qarabağ”la görüşdə hər şey edəcəklər. Baş məşqçi Arne Slot da laxlayan kreslosunu, azarkeşlərin qəlbində itməkdə olan yerini, rəhbərliyin gözündəki inamını qorumaq üçün çox çalışacaq. Bu, “Qarabağ”ın əleyhinə olan amildir. Bir şey də var ki, komandamız “Liverpul”dan qələbə ilə qayıtmasa belə, heç kim “Qarabağ”a söz deyə bilməz.

- Meydan, azarkeş, büdcə, təcrübə amilləri - hamısı “Liverpul”un xeyrinədir. Bəs, “Qarabağ”ın xeyrinə nə ola bilər?
- “Qarabağ” bu oyuna təyziq altında çıxmayacağını düşünürəm. Çünki məğlub olsa belə, pley-offa yüksəlmək üçün çox yaxşı şansı var. İkincisi, bütün futbolçularımız “Liverpul” kimi güclü rəqibə qarşı “Enfild” kimi stadionda oynamaqdan həzz almaq istəyəcək.” Enfild” bir futbol məbədidir. Burada futbol oynamaq hər futbolçunun arzusudur, məncə. Həmçinin, “Qarabağ”ın heyətdinə demək olar bütün futbolçulara müxtəlif klublardan təkliflər var. Sözsüz, skautlar bu oyunu izləyəcəklər. Hər kəs özünü ən yaxşı tərəfdən göstərməyə çalışacaq. Doğma meydan amilini “Liverpul” üçün üstünlük saymaq olar. Amma “Qarabağ”ın səfərdə daha yaxşı oynadığını nəzərə alsaq, bu da işimizə yaraya bilər.

- Oyuna bilet almısınız?
- Bəli ,bilet almışam. Tərəflərdən biri “Qarabağ”dırsa, mən hər zaman “Qarabağ” azarkeşiyəm. Stadionda qonaq sektorunda olsam da, bu şəhərdə ”Qarabağ” üçün ev sahibiyəm.

- Hesab təxmininiz var?
- Təxminim yoxdur, düzü. Amma niyəsə düşünürəm ki, “Qarabağ” uduzmayacaq. Oyuna görə heç də narahat deyiləm, amma çox həyəcanlıyam. İllərdi bu anı xəyal edirdim. Bir zamanlar “feysbuk” profilimdə bir gün “Qarabağ”ın “Liverpul”la qarşılaşacağı ehtimalı barədə paylaşım etmişdim. O postda “Qarabağ” öz meydanında 2-1 hesabı ilə qalib gəlməsinin xəyalını qurmuşdum. İndi ehtimalım gerçək olur. Xəyalım da gerçək olar, inşallah .

-“Liverpul” azarkeşi olan ingilis dostların nəticə ilə bağlı nə düşünürlər? “Qarabağ”la başğlı nə danışırlar?
- Burada yerli dostum yoxdur hələ ki. Amma işlədiyim yerdəki əcnəbilərin heç biri “Qarabağ”a inanmır. Sadəcə çox hörmət edirlər.” Qarabağ” barədə o qədər danışıram ki, komandamızı tanıyırlar, nəticələrini bilirlər. Lakin “Liverpul”un qarşısında şansı olduğuna inamırlar.

- “Qarabağ”dan ehtiyatlandığını hiss edirsiniz, yoxsa qələbəyə əminlikləri var?
- Yerli azarkeşlərə hər zaman komandaya inanaraq stadiona gəlirlər. Düzdü, son vaxtlar komanda pis günlər keçirir. Buna baxmayaraq, şəhər əhalisi komandaya inanır, hər zaman dəstək nümayiş etdirir. Nəticədən asılı olmayaraq, baxımlı, maraqlı, azarkeşlərə zövq yaşadan matçın olmasını arzu edirəm.

- Bir tərəfdə illərinizi verdiyiniz “Qarabağ”, digər tərəfdə arzuları ilə yaşadığınız “Liverpul”. Hansına azarkeşlik edəcəksiniz?

- Tərəflərdən biri “Qarabağ”dırsa, müzakirəyə ehtiyac qalmır . Mütləq “Qarabağ”a dəstək olacağam. Mən futbolu “Liverpul”la sevmişəm, “Liverpul”la birlikdə böyümüşəm. “Liverpul” uçaqlığımın, gəncliyimin ən rəngli, ən canlı səhifəsidir . “Liverpul” ilk başlarda əlçatmaz görenüb, sonra gerçək olan ən böyük arzumdur. “Liverpul” dualarımdır, şükürlərimdir. Amma “Qarabağ” mənim üçün bir başqadır. “Qarabağ” ailəmdir. ”Qarabağ”, uğrunda ən çox mübarizə apardığım dəyərdir. “Qarabağ”ın yanında olmaq üçün illərlə nələrə dözmüşəm, nələrlə mübarizə aparmışam, bunu bir Allah, bir mən, bir də yaxın ətrafım bilir. “Qarabağ” mənə günün istənilən saatında zəng vura biləcəyim qardaşlar, çiynində ağlaya biləcəyim dostlar qazandırdı. “Qarabağ” mənə özüməinam verdi. Sözün əsl mənasında mən “Qarabağ”la birlikdə özümü tapdım. Kim olduğumu, nə istədiyimi, nəyi bacara biləcəyimi gördüm.” Qarabağ” məni qəbul etdi. Onları sevdiyim kimi, onlar da məni sevdi. Ona görə “Qarbağ”ın qəlbimdəki yeri başqadır.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti