Deyəsən, bütün pis işlər Samir Abasovun başında imiş.
O, noyabrın 24-də «Neftçi»nin sükanı arxasından getdi.
Bir öncə doğma meydanda «İmişli»yə 2:3 hesablı məğlubiyyətə görə. Debütant qarşısında aciz qalmağı rəhbərlik ona bağışlamadı, müqaviləsinə birtərəfli qaydada xitam verdi.
Abasovun ah-naləsi tutub, ya nədir, «İmişli» odur-budur, Premyer Liqada qələbəyə həsrət qalıb.
Ötən müddətdə ya uduzublar, ya da heç-heçə ediblər.
Şeytanın qıçını «Araz-Naxçıvan»la oyunda sındıra bilərdilər, 90+2-ci dəqiqədə vurulan bərabərlik qolu onları yenə 1 xalla barışdırdı.
Təəssüfləniblər. Əlbəttə, haqlıdırlar.
«İmişli»nin ən azı bu il Premyer Liqada yerini qoruyacağına şübhə eləməyək. Bu komanda autdayerlərə xas futbol sərgiləmir.
«İmişli»nin dərdi stadionla bağlıdır. Şamaxıdan Qubaya köçün fəsadları get-gedə böyüyür. Yerli Olimpiya Kompleksinin stadionunun meydançası o qədər bərbad və yararsızdır ki…
Gəlin, Jorj Kaşkilyanı və futbolçularını başa düşək. Tənqid eləməyə nə var e, «Barselona» və ya «Real» da Qubaya gəlsə, burada heç nə edə bilməz.
«İmişli» ev oyunlarını normal qazonu olan stadionda keçirsin, tamam başqa mənzərə ortaya çıxar onda. Sahə palçıq və kələ-kötürdürsə, vay bu futbolçuların halına!
«İmişli»ni Qubada oynamağa məhkum edənlər həm bu komandaya, həm də rəqiblərə ən böyük pisliyi edib.
ELXAN

