
Türkiyə I Liqasına vəsiqə qazanan "Serik Belediyespor"un səhmlərinin 50 faizi azərbaycanlı iş adamı tərəfindən satın alınacaq.
Sportinfo.az "Ajansspor"a istinadən xəbər verir ki, adı açıqlanmayan biznesmen klub səhmlərinin yarısı üçün 4 milyon avro ödəyəcək.
O, əvvəlcə "Antalyaspor"a müraciət edib. Lakin "qırmızı-ağlar" səhmlərinin paylanılması səbəbindən satışa uyğun gəlməyib.
Buna görə də iş adamı "Serik Belediyespor"a üz tutub. İki həftə əvvəl başlanan danışıqlar prosesində son addım iyunun 17-də atılıb.
İddialara görə, azərbaycanlı iş adamı klubu yenidən qurmağa başlayacaq.
O, Mehmet Altıparmakın istefaya göndərilməsindən sonra boşalan baş məşqçi postuna əvvəllər Rusiya Premyer Liqasındakı komandalardan birinə rəhbərlik etmiş mütəxəssis gətirəcək.
"Serik Belediyespor" 2024/2025 mövsümündə Türkiyə II Liqasında çempion olaraq, tarixində ilk dəfə I Liqaya vəsiqə qazanıb. Klub ev oyunlarını 2250 tamaşaçı tutumuna malik İsmail Oğan stadionunda keçirir.