"Heç vaxt istəmərik ki, oyuna çıxıb məğlub olaq"

03:00 Bizimkilər 123
"Heç vaxt istəmərik ki, oyuna çıxıb məğlub olaq"

“Nəyi dəyişməli və üzərində daha çox işləməli olduğumuza baş məşqçimiz qərar verəcək.

Fernandu Santuşun ən çox vurğuladığı məqam isə budur: komanda olaraq qol buraxmayaq.

Çünki qol buraxmasaq, uduzmarıq. Belə olan halda isə sürətli hücumlara çıxaraq qələbə qazana bilərik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Cəlal Hüseynov deyib.

22 yaşlı müdafiəçi evdə Macarıstana 1:2 hesabı ilə uduzduqları oyunu belə dəyərləndirib:

“Yaxşı oyun keçirdik. Sona qədər mübarizə apardıq. Çətin rəqib olduğunu əvvəldən bilirdik. Məncə, layiqli mübarizə göstərdik. Hesabda geri düşməyimizə baxmayaraq oyundan qopmadıq. Bəlkə də son dəqiqələrdə hesabı bərabərləşdirə bilərdik, amma təəssüf ki, alınmadı”.

Taktiki tapşırıqlar və oyun planına da toxunan Cəlal ilk hissədə komandanın yaxşı oynadığını düşünür:

“Bizə hansı taktika verilirsə, onu düzgün şəkildə yerinə yetirməyə çalışırıq. İstəyimiz topu ələ keçirib sürətli hücumlara çıxmaq idi. İlk yarıda bu pis alınmırdı. Oyuna yaxşı başlamışdıq. Hətta daha da yaxşı oynaya bilərdik”.

Son vaxtlar tez-tez səsləndirilən “millidə futbolçularda ruh yoxdur” fikrinə münasibət bildirən futbolçu bu fikirlə razı olmadığını söyləyib:

“Futbolçularda milli ruh yoxdur” fikri ilə razı deyiləm. Düzdür, kənardan elə görünə bilər, amma əslində belə deyil. Heç vaxt istəmərik ki, oyuna çıxıb məğlub olaq. Bu milli komandadır. Kim bura çağırılıbsa, bayraq, ölkə, himn naminə hər şeyini ortaya qoymalıdır. Bu oyunda da göstərdik ki, son saniyəyə qədər mübarizə aparmaq gücündəyik. Bəzən isə sadəcə alınmır. Amma alınması üçün nə lazımdırsa, etməyə hazırıq”.

Milli komandaya uzun fasilədən sonra qayıdan Hüseynov şəxsi çıxışı barədə də fikirlərini bölüşüb:

“Uzun müddətdən sonra əsas milliyə dəvət aldım. Açığı desəm, performansımdan tam razı qalmadım. Məncə, daha yaxşı oynaya bilərdim. Amma bəzən hər şey istədiyin kimi getmir. Buna baxmayaraq, səhvlərim üzərində çalışaraq hər gün daha yaxşı olmağa çalışacağam. Hər gün bizə verilmiş bir hədiyyədir və bunu dəyərləndirmək lazımdır”.

Cəlal klub karyerası ilə bağlı da danışaraq, gələcək planlarını açıqlayıb:

“Şamaxı”da 6 aylıq icarə əsasında oynayırdım. Hazırda icarə müddətim başa çatıb və yenidən Bolqarıstana, “Arda”ya qayıdıram. Komandam Konfrans Liqasına vəsiqə qazanıb. Tək istəyim qayıdıb orada möhkəmlənmək və daha yüksək səviyyələrə çatmaqdır. Qalan məsələləri isə zaman göstərəcək. Əsas odur ki, gözləntiləri maksimum dərəcədə doğruldum, çox çalışım və özümü inkişaf etdirim”.

Digər Xəbərlər
Xəbər Lenti