
Mahir Emreli üçün “Nürnberq” səhifəsi bağlandı.
Azərbaycan millisinin şərəfini qoruyan futbolçu gələcəyi barədə götür-qoy edir. Karyerasını hansı klubda davam etdirəcəyi hələ ki, bilinmir.
“Ayntraxt Braunşveyq” üzərində 4:1 hesabı ilə qazanılan qələbədə het-triklə yadda qalan Emreli oyundan sonra “instagram” hesabında paylaşım edib.
O, azərbaycanlı futbolçu üçün Avropanın ən titullu klublarından birində oynamağı qürur mənbəyi adlandırıb, Miroslav Kloze ilə çalışmağı uşaqlıq arzusu olduğunu yazıb və sonda “Nürnberq”in formasını təkcə əynində yox, həm də ürəyində daşıdığını bildirib.
Almaniyalı azarkeşlər Mahirin paylaşımına diqqətsiz yanaşmayaraq, onu “Nürnberq”dən bu sözlərlə yola salıb. Yeri gəlmişkən, həmyerlimiz karyerası ərzində heç bir klubdan bu cür azarkeşlər sevgisi ilə ayrılmamışdı.
“Bundan sonrakı həyatında sənə hər şeyin ən yaxşısını arzulayıram”.
“Yolun açıq olsun. Bəlkə günlərin birində yolumuz yenidən kəsişəcək”.
“Almaniyada sənin kimilərə “Ehrenmann” (şərəfli adam mənasını verir – H.) deyirik. Səni “qırmızı-qara”da görmək xoş idi. Gələcəyin uğurlu olsun”.
“Sənə “Nürnberq”in uğurları naminə mübarizə apardığın hər dəqiqə qədər təşəkkür edirəm. Sənin etdiklərini və vurduğun qolları unutmayacağıq. Əmin ol ki, səni xoş günlər gözləyir”.
“Derbilərin adamı, hər şeyə görə çox sağ ol. Səni unutmayacağıq”.
“Çox istərdim ki, Almaniyanın ən yaxşı klubunda qalasan. Kim bilir, səhnənin arxasında nələr baş verir. Get, yolun açıq olsun”.
“Getmək qərarı sənindir. Bundan sonra bizə sənin kimi biri lazımdır. Tapmaq olacaq?”
“Mövsüm ərzində bacardığının maksimumunu verən azsaylı futbolçulardan biri, yerin görünəcək. Kaş ki, qala biləsydin”.
“Sənin üçün darıxacağıq, “Nürnberq”in Messisi”.
“Tsimasın yerinə əvvəldən mərkəz hücumçusu kimi sən oynasaydın, “Nürnberq” Bundesliqaya vəsiqə qazanacaqdı. Çox heyif”.
27 yaşlı həmyerlimiz “Nürnberq”in heyətində II Bundesliqada 24 oyunda 10 qol vurub, 1 asist edib, Almaniya kubokunda şans qazandığı 1 matçda rəqib qapısına 1 dəfə yol tapıb.
HƏBİB / SPORTİNFO.AZ