"Azərbaycan yığmasından dəvət gəlmişdi, mən də imtina etməmişdim"

3 Yanvar 2022 01:50 Bizimkilər 2 434
"Azərbaycan yığmasından dəvət gəlmişdi, mən də imtina etməmişdim"

Ölkə xaricində çıxış edən, əslən azərbaycanlı olan futbolçulardan biri də Musa İbrahimovdur.

Rusiya futbol məktəbinin yetirməsi olan Musa, son olaraq Tacikistanda yüksək liqa təmsilçisi “Ravşan”da forma geyinib.

Sportinfo.az xəbər verir ki, İbrahimov Azərbaycanda oynamaq istəməsindən bəhs edib.

- Öncə, oxucularımıza özün haqda məlumat verməyini istəyərdim...

- Rusiyanın Krasnoyarsk şəhərdə anadan olmuşam. Əslən azərbaycanlıyam. Rusiyada 11-ci sinifi bitirdikdən sonra universitetə daxil olmuşam. 25 yaşındayam və 10 yaşdan futbol oynayıram. “Yenisey”, “Nosta”, “Tver”, “Volna”, “Ximik”, “Ravşan” klublarında, Azərbaycanın U-19 yığmasında çıxış etmişəm. Hazırda Krasnoyarskdayam və azad agentəm.

- “Yenisey” yetirməsi olduğunu bilirəm. Krasnoyarsk klubunda oynadığın vaxtlarda Azərbaycandan təkliflər almısan?

- Bəli, “Yenisey”in yetirməsiyəm. 17 yaşdan əvəzedici heyətə kim bu klubda oynamışam. 18 yaşım olanda əsas komanda ilə müqavilə imzaladım və 1-ci liqada oynamağa başladım. 18 yaşımda isə mənə Azərbaycan yığmasından dəvət gəlmişdi. Mən də imtina etməmişdim. Biletimi aldılar, Bakıya uçdum. Millidə məşq etdim, baş məşqçi Nikolay Adam idi. Futbolçu kimi məni bəyənirdi. Həm məşqlərdə, həm də yoxlama oyunlarında məndən razı idi. Sadəcə yoxlama oyunlarının birində zədələndim və evə qayıdaraq əməliyyat olunmağa məcbur idim. Məhz bundan sonra məni unutdular. Halbuki demişdilər ki, bərpa olunduqdan sonra yenidən yığmaya dəvət edəcəklər.

- Hazırda “Yenisey”in sabiq futbolçularından biri Aleksey İsayev “Sabah”da oynayır, həm də Azərbaycan millisinin üzvüdü. Onunla münasibətin var?

- Əlbəttə, Aleksey İsayev kimi möhtəşəm futbolçu ilə tanışam. Onu lap uşaqlıqdan tanıyıram. Biz uşaqlıqdan onunla dostluq edirik. “Yenisey”də birlikdə oynamışıq. Həm yaxşı futbolçu, həm də yaxşı oğlandı. Onun barədə yalnız müsbət fikirdəyəm. Güclü futbolçudu, əsl istedaddır. Ən güclü yerlərdə oynaması üçün bütün xüsusiyyətlərə sahibdi. Əminəm ki, yaxın vaxtlarda Alekseyi Avropanın ən yaxşı komandalarından birində görəcəksiniz.

- Son dəfə Tacikistan yüksək liqasında yarışan “Ravşan”da oynamısan. Orada ölkə çempionatının səviyyəsi hansı durumdadı?

- Yaxşı mənada təəccüblənmişdim. Rəhbərlik məni ilk gündən çox yaxşı qarşıladı. Klubların səviyyəsi Rusiya 2-ci liqasında orta mövqelərdə və Rusiya 1-ci liqasının ortababları kimidi. Klublar fərqlidi. Çempionatın lideri “İstiklol” idi və onlar Çempionlar Liqasında layiqli mübarizə aparırdı. Onlara 2 dəfə məğlub olmuşduq.

- Məqsədlərin arasında Azərbaycan çempionatında oynamaq var? Azərbaycan millisinə cəlb olunmağı necə, səncə, qarşıdakı illərdə həyata keçirə bilərsən?

- Məqsədim yaxşı komandalarda oynamaqdı. Azərbaycan klublarına baxışa çağırsalar, mənim üçün ölkəmin klubunda oynamaq fəxr olardı. Azərbaycan futbolunu izləyirəm. Liqadakı komandaların stilini bəyənirəm. Bakı klublarından birində özümü sınamaq istəyərdim. Hər zaman təkliflərə açığam. Əgər belə şans yaranarsa, dəyərləndirməyə hazıram. Milliyə gəldikdə, əlbəttə mümkündü. Hər şey mənim ustalığım və istəyimdən asılıdı. Özümü göstərsəm, qollar vursam, əla görünsəm, hər halda diqqətdən uzaq qalmayacam. Azərbaycan çempionatında oynayacağım halda milliyə dəvət edilməyim daha real olacaq. Bunu çox istəyərdim.

- Azərbaycan millisində Rusiya futbol məktəbinin yetirmələri Emin Mahmudov, Ramil Şeydayev kimi futbolçular var. Səncə, onlar Rusiyada qalacağı təqdirdə, Rusiya millisinə cəlb olunmaq şansı yaranardı?

- Ramil Şeydayev və Emin Mahmudov haqda məlumatlıyam. Amma onlardan heç biri ilə şəxsi münasibətim yoxdu. Emin Mahmudovu oyunlarda görmüşəm, futbolçu kimi ona simpatiyam var, yaxşı, rahat futbolçudu. Məncə, Emin Mahmudov Rusiyada qalası olsaydı, Rusiya millisində də oynaya bilərdi. Niyə də olmasın? Ramil Şeydayev özü də Rusiya millisində heyət uğrunda mübarizə apara bilərdi. Amma gördüyümüz qədərilə bir az fərqli prinsiplər var. Emin Mahmudov və Ramil Şeydayevin keyfiyyətlərini yaxşı bilən məşqçi olsaydı, onlar Rusiya millisində oynayardı. Hazırda Ramil və Emin öz millilərində oynayır. Onlara uğurlar arzu edirəm (sportal.az).

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!