“Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!”

24 May 2020 21:00 Azərbaycan Futbolu 760
“Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!”

Mayın 19-da ünlü azərbaycanlı məşqçi, cəmi 31 yaşında “Neftçi”yə tarixində ilk və sonuncu dəfə SSRİ çempionatında medal qazandıran Əhməd Ələsgərovun anım günü idi.

Düz 5 il əvvəl Odessada dünyasını dəyişən mütəxəssisə vətənində münasibət birmənalı olmasa da, Ukraynada hələ də onu yaxşı xatırlayırlar.

Yaşlı həmkarlarımızdan Vyaçeslav Kulçitskinin Ələsgərovun anım günündə dərc olunan yazısını ixtisarla təqdim etməyi lazım bildik.

İstənilən stajlı odessalı azarkeşdən “Çernomorets”in tarixindəki ən yaxşı üç məşqçinin adını soruşsan, şübhələnməyə dəyməz: Əhməd Ələsgərovun adı mütləq orda olacaq.

Bu mütəxəssis 19-cu əsrin sonunda postsovet məkanında futbolun doğulduğu şəhərdə - Odessada bütləşmişdi.

Bu məşqçinin sayəsində “Çernomorets”in bioqrafiyasında “dənizçilər”in hər azarkeşinin gözünə xoş gələn “1974-cü ildə bürünc medalların sahibi” adı peyda oldu. Bu, indi də 60 yaşlı klubun tarixində ən böyük uğur sayılır.

Xəzər dənizindən Qara dənizə
Əhməd Ələsgərov unikal adamdı. Keçmiş SSRİ-nin nəhəng ərazisində dörd (!) respublikanın – Azərbaycan, Tacikistan, Ukrayna və Moldovanın əməkdar məşçisi adını daşıyan başqa bir futbol mütəxəssisini çətin ki tapasız. Belə nəticələrin hardasa qeydə alınıb-alınmadığını demək çətindi, ancaq Ələsgərovun soyadı Ginnesin Rekordlar Kitabının uyğun bölməsinə düşə bilərdi – bu artıq faktdı. Azərbaycan əsilli mütəxəssis Ukraynaya gələnə qədər 60-cı illərin ikinci yarısında SSRİ çempionatının “bürünc”ünü qazandırdığı doğma “Neftçi”də uğurla çalışırdı. Sonra isə onun köməyi ilə tacik futbolunun flaqmanı “Pamir” 70-ci illərin əvvəlində rəqabətədavamlı komandaya çevrildi. Gənc Ələsgərovun uğurları daha məşhur klubların rəhbərlərinin və himayədarlarının diqqətindən kənarda qalmadı. Özünün dediyinə görə, 1972-də SSRİ çempionu olan “Zarya”da da istedadlı məşqçini görmək istəyirdilər. Ancaq taleyin hökmündən Ələsgərov Bakı kimi cənub şəhəri olan Odessada göründü. Bakı kimi dənizin olduğu və futbolun çox sevildiyi şəhərdə.

İdeya naminə risk
Ələsgərov “Çernomorets”ə 1973 mövsümünün qızğın çağında, 37 yaşında gəldi. Yaşına baxmayaraq, o, xarizması ilə seçilir və böyük ölkənin futbol dairələrində nüfuz sahibi sayılırdı. Kluba gələnə qədər Odessa vilayətinin İcraiyyə Komitəsində, Vilayət Həmkarlar İttifaqında və Qara dəniz Gəmiçiliyində söz sahibi olan adamlarla görüşmüş, lazımi sözlər və dəlillər tapmaqla onları şəhərdə İttifaqın ən yaxşı komandaları ilə rəqabət aparmağa qadir, güclü kollektiv yaratmaq ideyasında inandıra bilmişdi. “Çernomorets”in yeni sükançısının öz üzərinə belə məsuliyyət götürməklə imici ilə necə risk etdiyini təsəvvürə gətirmək olar. Axı, həmin vaxt “dənizçilər” güclülər dəstəsində yox, 1-ci dəstədə oynayırdı, özü də turnir cədvəlinin ortalarında qərarlaşmışdılar.
Ələsgərovun inamı futbolçulara da sirəyət etdi və onlar çempionatın əksər hissəsini birnəfəsə keçməklə elitaya vəsiqə qazandılar. “Çernomorets”in sabiq müdafiəçisi, bu məşqçinin rəhbərliyi altında üç komandada oynayan Sergey Pavlenko deyir: “Ələsgərov novator-məşqçi idi. O, ən birincilər sırasında başa düşdü ki, əvvəlcə futbolçuya nələrsə vermək və bu qayğıdan xilas olmaqla futbolçudan yaşıl meydanda nəsə tələb etmək lazımdı. Ələsgərov isə çox şey tələb edirdi və bu üzdən də nəticə qazanırdı”.

Futbol bumunun yeni mərhələsi
Sovet futbolunda ən müxtəlif reinkarnasiyalar və turnir fırtınaları olub. Ancaq Ələsgərovun təyinatından 5 tur əvvəl 1-ci dəstədə 14-cü yerdə olan “Çernomorets”i güclülər dəstəsində 3-cü yerə yüksəldən sprut hələ də unudulmazlar sırasındadı. Görkəmli taktik, parlaq strateq və güclü psixoloq imicinə malik azərbaycanlı mütəxəssis Odessaya futbol bumunun yeni mərhələsini yaşatdı. Cənub şəhərinin əsas idman arenası – Mərkəzi stadion seyrçi sıxlığı ilə seçilirdi, bəzi oyunlarda azarkeş sayı hətta 40 minə çatırdı! Ələsgərov müsahibələrinin birində deyirdi: “Komandaya gələn kimi intizamı gücləndirdim, fiziki yükləməni artırdım. Bundan başqa, uşaqların psixoloji hazırlığının yerində olmadığı görünürdü – oyunlardan sonra çoxları bərpa oluna bilmirdilər. Hər şeyi kardinal şəkildə dəyişmək lazım gəldi – motivasiya, oyunçuların mobilliyi artdı və ən əsası, meydanda oyunun şəkli dəyişdi ki, bunu da əksər mütəxəssislər qeyd edirdi. Hesab edirəm ki, futbol musiqiyə bənzəyir – onu notlar üzərində oynamaq lazımdı. Onda “Çernomorets”lə yaxşı musiqi əsəri yarada bildim. Nəticə qazanmaq üçün gündüz-gecə bilmədən işləyirdik”.

Paltardəyişmə otağında “sürüşmə” və sınan stəkanlar
Cənub temperamentinin təsiri ilə Ələsgərov bəzən hədsiz emosional və impulsiv olurdu. “Çernomorets”in futbolçuları onun yetirməsinin şüuruna çatması üçün bu və ya başqa oyun incəliyini əyani göstərməsini tez-tez xatırlayırlar. Ələsgərov emosiyaların təsiri ilə stadionun paltardəyişmə otağında kresloların ayaqlarını qırmaqla “sürüşmə” fəndində necə yıxılmağın lazım gəldiyini göstərə bilərdi. “Çernomorets”in çoxillik kapitanı Vladimir Neçayevin dedikləri: “Çayniklərin, stəkanların divarda uçduğu vaxtlar da olurdu. Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu! Ələsgərov futbolçuların emosional yüksəlişi üçün belə edirdi. Belə seansdan sonra biz, bir qayda olaraq, meydana çıxar və istənilən rəqibi məğlub edərdik”.

Avropaya “pəncərə”
Odessada indi də Ələsgərovu futbol Avropasına “pəncərə açan” adam kimi xatırlayırlar. “Çernomorets” mükafatçı yer sayəsində 1975/76 mövsümündə UEFA kubokunda debüt hüququ qazandı ki, püşkdə bəxtinə “Latsio” düşdü. Odessada keçirilən ilk oyunda “dənizçilər” qalib gəldi. Romada isə Corcio Kinalyinin son saniyələrdə vurduğu qolun ardından əlavə vaxt təyin olundu və italyan forvard daha iki dəfə fərqləndi. Bununla belə, “Çernomorets” belə ciddi səviyyədə ilk təcrübə qazandı ki, odessalı azarkeşlər buna görə indiyə qədər də Ələsgərova minnətdardı. Futbolçular da ona minnətdardı. Ələsgərov yetirmələrinin heç nəyə görə narahatlıq keçirməməsi, tam futbola köklənməsi üçün hər şey etməyə çalışırdı. Ələsgərovun vəsatəti əsasında ehtiyacı olan hər kəsi o dövrün “centlmen paketi” – mənzil və maşın ilə təmin edirdilər. Demək olar ki, hər kəs bunlara ehtiyac duyurdu. Axı, o vaxt dövlət qiymətinə alınan “Volqa-QAZ-24” maşınlarını Cənubi Qafqaz və Mərkəzi Asiyadan arzulayanlara iki dəfə bahasına asanlıqla satmaq olardı. Amma bu artıq başqa mövzudu. Sözün yaxşı mənasında ambisiyalı Ələsgərov həmişə kollektivi yüksək səviyyələti ustalardan formalaşdırmağa can atırdı ki, azarkeşlər belələrinin oyunlarına məmnunluqla baxsın. Ancaq heç də həmişə ona bu imkanı yaratmırdılar. Mövsümöncəsi hazırlığı “dənizçilər”lə keçən sovet futbolunun ən yaxşılarından biri Anatoli Banişevskinin “Neftçi”dən “Çernomorets”ə keçidinin qarşısını belə almışdılar. Bir neçə il sonra “xeyirxahlar” Əhməd Ələsgərovun istedadlı hücumçu Edqar Qessi “Pamir”dən almaq arzusunun təkərinə çomaq soxmaq üçün də hər şey etdilər. Başqa nümunələr də var.

Metrin fikri ilə hesablaşmaq
“Çernomorets”dəki dörd il çalışma dövründə Ələsgərov bütün mümkün çətinliklərlə qarşılaşmalı olurdu. Bunlar yalnız kadrlarla bağlı deyildi. Daim onun adı ətrafında səhnərxası intriqalar qururdular ki, nəticədə getməyə məcbur oldu (“Çernomorets”dən sonra bir il “Krivbass”da işlədi).
Bu mütəxəssisin sonrakı işi göstərdi ki, illər onun rəqabətədavamlı komanda qurmaq və yüksək nəticələrə nail olmaq bacarığını itirməyib. Ələsgərov futbol baxışının və anlayışının dəstəkləndiyi hər yerdə bunu göstərdi. Dəfələrlə doğma Azərbaycana qayıdan (“Araz”, “Neftçi”, “Kəpəz”, “Bakı”, Azərbaycan yığması), iki dəfə Moldovada (“Nistru”, “Şerif”) işləyən, bir dəfə Rusiyada (“Anji”) gücünü sınayan təcrübəli məşqçi hər yerdə arzulanan adam idi. Hətta 90-cı illərin ikinci yarısında iki mövsüm ərzində məşqçi-məsləhətçi olduğu İliçevsk “Portovik”ində də Metrin fikirləri ilə hamı hesablaşırdı. Ancaq Odessada hiss etdiyi sevgi və hörməti yəqin ki bir daha heç yerdə görmədi. Təəccüblü deyil ki, məhz 1973-cü ilin iyununda ailəsi ilə birgə gəldiyi bu şəhər də onun üçün doğma oldu.

Prokopenko ilə yanaşı
Odessanın tam mərkəzində yaşayan Əhməd Lətifoviç ömrünün son 9 ilində fəal futbol məşğuliyyətindən uzaq idi. Ancaq milyonların oyunu ətrafında dünyada başverənləri daim izləyirdi. 2014-ün payızında futbol Odessası “dənizçilər”in “bürünc” zəfərinin 40 illiyini qeyd edəndə Əhməd Ələsgərov təntənələrdə yox idi. Həmin heyətdən olan, bayram gecəsinə toplaşan veteranların hər biri onun ağır xəstə olduğunu bilirdi. Yarım ildən sonra o artıq həyatla vidalaşdı..Ələsgərovu Odessada, 2-ci xristian qəbiristanlığında dəfn etdilər. “Bürünc” heyətdən olan yetirməsi Viktor Prokopenkonun məzarının cəmi 150 metrliyində...

ORXAN

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu