
Fransa və Azərbaycan arasında planlaşdırılan futbol matçı baş tutmayıb.
Söhbət hər iki federasiyanın dəstəyi ilə azarkeş qrupları arasında nəzərdə tutulan yoldaşlıq görüşündən gedir.
Tərəflər arasında danışıqlar həftələr öncədən baş tutub. Belə bir istəkdə fransızlar olub. Amma vaxt-vədə çatanda elə qarşı tərəfdən imtina qərarı gəlib.
Bu barədə yığma komandamızı səfər oyunlarında tək buraxmayan "Milli dəstə" azarkeş qrupunun sosial şəbəkə hesabından paylaşım edilib:
"Təxmini 1 ay öncə Fransa millisinin rəsmi fanklubu olan "Irrésistibles Français" tərəfindən bizim federasiya vasitəsilə, rəsmi matçdan öncə, Azərbaycan və Fransa azarkeşləri arasında yoldaşlıq görüşünün təşkili təklif olunmuşdu.
Biz də "Milli Dəstə" olaraq buna müsbət yanaşmış və Avropanın fərqli ölkələrindən aktiv futbol oynayan üzvlərimizi bu oyuna cəlb etmişdik. Federasiyamız da əlavə olaraq bizim üçün xüsusi formalar hazırlamışdı.
Təəssüflər olsun ki, dünən, Fransa futbol federasiyasından daxil olan məlumata əsasən, Fransanın rəsmi fanklubu və federasiyası arasında olan anlaşılmazlığa görə və təhlükəsizliyi təmin edə bilməyəcəyəklərini əsas gətirərək yoldaşlıq görüşü ləğv edilmişdi.
İstənilən halda, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılar olaraq azarkeşlərimizi istər tribunada, istərsə də tribunadan kənarda layiqincə təmsil etmək bizim üçün şərəfdir və hər zaman da buna hazırıq".
XANOĞLAN / SPORTİNFO.AZ