Habil Əliyevin milli məşqçimizin boyuna biçilən YUMORU

2 Oktyabr 23:00 Azərbaycan Futbolu 362
Habil Əliyevin milli məşqçimizin boyuna biçilən YUMORU

Bir gün məclislərin birində müğənni Ədalət Şükürov gəlib mərhum kamança ustası Habil Əliyevə sevinərək deyir:

- Habil müəllim, məni təbrik edin, mənə əməkdar artist adını verdilər.

Habil Əliyev də dəhşət içində soruşur:

- Nəəə? Sən də aldın? Əşşi onlar verirdi verirdi, sənin abrına nə gəlmişdi ki, götürürdün?

Dəyərli sənətkarımızın bu əhvalatını xatırlamağıma səbəb Rəşad Eyyubovun gənclər millimizin baş məşqçi postuna gətiriləcəyi ilə bağlı yayılan xəbər oldu.

Belə ki, Ayxan Abbasovun Azərbaycan millisinin baş məşqçi postuna təyinat almasından sonra gənclər millimizin sükanı boş qalıb.

AFFA-nın isə artıq namizədi var.

Söhbət milli komandada Fernandu Santuşun köməkçisi işləmiş Rəşad Eyyubovdan gedir.

Bəli, 33 yaşlı gəncin gənclər millimizin baş məşqçi postuna gətirilməsi an məsələsidir.

Bilmirəm, bu qərara federasiya özü gəlib, yoxsa kimlərinsə tövsiyyəsidir.

Təklif edəni, qərar verəni qoyaq bir qırağa, bəs Eyyubovun özünə nə gəlib?

Hansı nəticələrinə, hansı işinə, hansı bacarıqlarına görə birdən-birə milli komandaya baş məşqçi gəlmək gücünü özündə tapıb?

Özü də 15-16-17 yaş qrupları yox ha, birbaşa U-21 yığması.

Bəs illərini bu sahəyə qurban verən, ölkə çapında az-çox nəticələri olan baş məşqçilərin əziyyəti hara getdi?

Eyyubov gərək özü ilk öncə kolleqalarına hörmət etməsini bilsin.

Onu nə kimsə təyin etməli, nə də özü buna təşəbbüs göstərməlidir.

Buyursun, akademiyalarda nə çox komandalar var, işləsin, fərasətinə baxaq, biz deyək ki, bu adamı milliyə gətirin.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
2 Oktyabr 18:10 Çək və bizə göndər!
2 Oktyabr 05:20 İndi neçənciyik?