Azərbaycanda futbol "batır" - AFFA rəhbərliyi hara yox olub?

19 May 2020 15:46 Azərbaycan Futbolu 995
Azərbaycanda futbol "batır" - AFFA rəhbərliyi hara yox olub?

Koronavirus bütün dünyada idman yarışlarının, o cümlədən, futbol çempionatlarının dayandırılmasına səbəb oldu.

Amma heç bir ölkədə futbol federasiyaları fəaliyyətlərini dayandırmadılar.

Əksinə, federasiya rəhbərləri mütəmadi olaraq mətbuata açıqlamalar verir, rəhbərlik etdikləri təsərrüfatın üzləşdiyi problem barədə danışır, durumdan maksimim zərərlə çıxmaq üçün hansı addımların atılacağı barədə məlumat verirdilər.

İtaliya, İspaniya, İngiltərə, Almaniya, Rusiya, Türkiyə futbolun rəhbərlik edənlər hakimiyyətlə intensiv əlaqədə oldular, bu barədə ictimaiyyəti də davamlı olaraq məlumatlandırdılar.

İndi bütün Avropada karantin rejiminin yumşaldılmasına başlanılıb. Təbii ki, federasiyalar da çempionatların bərpasında maraqlıdırlar. Amma bunun üçün müəyyən addımlar atılmalı, zəruri tələblər yerinə yetirilməlidir ki, futbol oyunları zamanı kiminsə sağlamlığı təhlükə altına düşməsin.

Burda da federasiya rəhbərləri hakimiyyət nümayəndələri ilə əlaqəli addımlar atırlar. Və beləcə, artıq Almaniyada çempionat bərpa olunub. İspaniya, İtaliyada məşqlərə icazə verilib.

Rusiya və Türkiyədə də çempionatın yaxın vaxtlarda bərpa olunacağı gözlənilir. Federasiyalara rəhbərlik edənlər də istər mətbuat, istərsə də sosial şəbəkələr vasitəsilə bu barədə ictimaiyyəti məlumatlandırılar.

Heç kimə sirr deyil ki, Azərbaycanda koronavirus kütləvi şəkildə yayılmadı. Bu da hakimiyyətin böyük xidməti idi. Məhz hakimiyyətin qabaqlayıcı önəmli addımlar atması nəticəsində ölkəmizdə virusa yoluxanların sayı az oldu.

Artıq Azərbaycanda da karantin qaydaları yumşaldılıb. Bir çox sahələr fəaliyyətini bərpa edib. Gözləmək olardı ki, futbol üzrə Azərbaycan çempionatının da bərpasına icazə veriləcək. Amma bu gözlənti özünün doğrultmadı.

Niyə?

Ona görə ki, federasiya rəsmiləri özlərini cəmiyyətdən tamamilə təcrid etdilər, Operativ Qərargahla anlaşma şəraitində işləmədilər. Federasiya Operativ Qərargaha plan təqdim etməlidir ki, çempionat bərpa olunacağı təqdirdə hansı addımlar atılacaq ki, sağlamlıq üçün təhlükə yaranmasın.

Belə plan təqdim edilməyib. İndi futbol ictimaiyyəti çempionatın bərpa olunmamasına görə Operativ Qərargahı tənqid edir. Yanlış yanaşmadır. Operativ Qərargah riskli qərar niyə qəbul etməlidir ki, bir halda, AFFA rəhbərliyinin bəlli planı yoxdursa?

Bu plan işlənib hazırlanmalı, Operativ Qərargaha, o cümlədən ictimaiyyətə təqdim edilməli idi. Necə ki, bunu digər ölkələrdə federasiya rəsmiləri etdilər.

Bəs bizim AFFA rəhbərliyi haradadır? Belə görünür ki, çempionatın bərpasında elə AFFA rəhbərliyi maraqlı deyil.

Nöşün?

Ona görə ki, hər hansı bir planları yoxdur. Çempionat bərpa olunsa, futbolçular, məşqçilərdən kimlərsə koronavirusa tutulsa, bunun məsuliyyətini daşıyacaq birisi olmalıdır axı. İndiki halda AFFA rəhbərliyi bu məsuliyyəti daşımaq istəmir.

Ona görə də Operativ Qərargaha müraciət də edilmir. Düşünürlər ki, qərarı hakimiyyət versin, məsuliyyət də onların üzərində qalsın. Asan yol tapıblar. Hakimiyyət lüzumsuz yerə belə riskli qərarı niyə verməlidir? Bizə futbol lazım deyil!

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?