Koronavirus pandemiyasına görə yaranmış fasilə ən çox ziyanı idman mediasına vurub. Bu da əbəs deyil. Çünki bütün növ idman yarışları tam dondurulub və məşqlər belə keçirilmir.
Sportinfo.az belə vəziyyətdə oxucuların vaxtını daha səmərəli keçirməsi üçün "Keçmiş, bu gün, gələcək" adlı başlatdığı yeni rubrikanı davam etdirir. Burda yalnız yerli futbolçular iştirak edir.
Hazırlanmış suallar iştirakçıların keçmişi, bu günü və gələcəyi ilə bağlıdır. Rubrikamızın bu dəfəki qonağı Azərbaycan millisinin və "Sumqayıt"ın müdafiəçisi Rail Məlikovdur.
- Azərbaycanda uşaqlar futbola müxtəlif səbəblərdən gəlir. Kimisi istedadına görə, kimisi valideyn məcburiyyətindən, kimisi də gələcəkdə yaxşı pul qazanmaq həvəsi ilə bu yola üz tutur. Səndə bunlardan hansısa olub, yoxsa tamam fərqli versiyadır?
- Futbola uşaqlıqdan böyük həvəsim olub. Özümdən böyük iki qardaşım da futbolla məşğul olub. Bizim məhəllədən futbol məşqlərinə gedən çox idi. Aftandil Hacıyevlə bir məhəllədə böyümüşük. Bir yerdə məşqə gedirdik. O, yaşca məndən böyük idi. Məni Aftandil məşqə aparıb gətirirdi.
- Zaman-zaman uşaq futbolunda olan rüşvətdən danışılır. Belə halla nə vaxtsa üz-üzə qalmısanmı?
- Bəli, mənim zamanımda belə şeylər olub. Yadıma gəlir o vaxtlar imkanlı ailələrin uşaqlarını toplanışlara aparırdılar. Onlardan bir baş güclü olanlar qıraqda qalırdı. Yeniyetmə vaxtlarımızda talantı olan çox uşaq pula görə futboldan getdilər. Bu vəziyyətlə mən də rastlaşmışam. Belə şeylərə görə futbolu bir neçə dəfə atmışam. Sonradan məni geri qaytaran məşqçilərim olub. Mən də sınmadım, mübarizə apardım. Sonda arzuma çatdım. Pulun hesabına toplanışlara gedənlərdən isə heç kim futbolda qalmadı.
- Bəzən futbol sevgisi oxumaq həvəsini arxa plana atır. Səndə necə olub? Ümumiyyətlə, oxumaq həvəsin olubmu?
- Futbol dərslərimə təsir göstərib. 7-ci sinfə kimi yaxşı oxumuşam. Futbola daha çox vaxt ayırdığım üçün 8-ci sinifdən qiymətlərim də pisləşdi. Ağır dövrlər idi. Amma çətinliklərə rəğmən 11-ci sinfə kimi oxumuşam. Rəşad Sadiqovla eyni məktəbdə oxumuşuq. Məktəbimizi yarışlarda çempion edirdik. Buna görə də bizə qiymətlərdə hörmət edirdilər.
- İstənilən futbol həvəskarının mütləq ki, bir idealı olub. Səndə bu kim idi?
- Mən uşaqlıqda "Bavariya" azarkeşi olmuşam. Orda öz mövqeyimdə oynayan Kfur vardı. Sağ cinah müdafiəçisi idi. Çox bəyənirdim. Kfurla bərabər Maldini də mənim idealım olub. - Azərbaycan insanı gələcəyini çox düşünəndir. Məsələn, əlinə bir az pul keçən kimi ev almağı, obyekt açmağı düşünür. Səndə bu baxımdan vəziyyət necədir?
- Deməzdim ki, istənilən azərbaycanlı gələcəyin düşünəndi. Əlinə gələn pulu düzgün istifadə edən az-az futbolçular var. Mənim də əlimə normal pul gələndə nəsə edə bilmişəm. Torpaq, ev, maşın almışam. Obyekt aça bildim. Amma bəzi işlərdə uğursuzluq yaşadım. Hazırda futboldan kənar gəlirim yoxdur. Ancaq şükürlər olsun ki, evim-eşiyim var. Bu gün özümü saxlayacaq gücə qadirəm.
- Hər futbolçunun öz potensialına görə, xəyal etdiyi karyerası olur. Səncə, potensialın imkan verən ən yüksək nöqtəyə çata bilmisən yoxsa daha çoxuna nail ola bilərdin?
- Məncə, karyeramın maksimuna çatmışam. Millidə oynamışam, Azərbaycanın flaqmanında kapitan olmuşam, legioner həyatı yaşamışam, ölkənin digər güclü klublarında da çıxış etmişəm.
- Qonşu Gürcüstandan, düşmən Ermənistandan belə xaricdə tanınmış futbolçular var. Yerli futbolçularımız isə ya xaricə getmir, ya da gedib uğursuzluq yaşayır. Bu sirli düyünü niyə aça bilmirik?
- Xaricdə yaxşı çıxış etmək üçün güclü menecerlərimiz olmalıdır. Gürcüstandan elə futbolçular var ki, baxırsan səviyyəsi yüksək deyil. Amma menecerin hesabına getdikləri klublarda artırırlar. Bu baxımdan biz geridəyik. Yaxşı menecerlerimiz yoxdur. Ölkə xaricinə gedən futbolçumuza hamımız dəstək olmalıyıq. Bizdə bir az bir-birimizə paxıllıq var. Amma bu şeylərə rəğmən inanıram ki, gələcəkdə çox futbolçumuz legioner həyatı yaşayacaq.
- Təsəvvür edək ki, hazırda baş məşqçisən. Komandanda yerli futbolçulardan ibarət hansı 5-liyi görmək istərdin?
- Qismət olsun baş məşqçi olum. Hazırkı klubum xaric digər klublardan götürəcəyim beşlik belə olardı - Emil Balayev, Bəhlul Mustafazadə, İsmayıl İbrahimli, Cavid İmamverdiyev və Mahir Emreli. Bu futbolçular hamısı indi formadadır. Ona görə seçimim belə oldu. Yoxsa çox oyunçunun adını çəkmək olar.
- Karyerasını bitirən futbolçulardan baş məşqçi, biznesmen olanı da var, çayxanada gün keçirəni də. Sənin gələcəklə bağlı planların necədir?
- Futbol sahəsində qalıb baş məşqçi və ya idman direktoru olmaq istərdim. Biz futboldan başqa sahədə çalışa bilmərik. Karyeramı bitirəndən sonra da ölkə futboluna öz töhfəmi vermək istərdim.
- Hazırkı baş məşqçin xaric, bu günə qədər işlədiyin baş məşqçilərdən hansını xüsusi fərqləndirərdin?
- Mən ilk dəfə "Neftçi"yə gələndə baş məşqçi Qurban Qurbanov idi. Onun təşəbbüsü ilə gəlmişdim. Qurban müəllimi xüsusi fərqləndirərdim. Onun uğurlu məşqçilik yolu hamıya məlumdur. Azərbaycan futbolunda ən çox sözünü deyən mütəxəssisdir. Bundan başqa Tərlan Əhmədovu, Samir Abasovu, Arif Əsədovu qeyd edərdim. Bir yerdə oynadığım futbolçulardan gələcəkdə yaxşı məşqçi olacağına inandıqlarım da var. Bunlar Rəşad Sadıqov, Ramin Quliyev, Aftandil Hacıyev, Elmar Baxşıyev və Azər Bağırov yaxşı gələcək vəd edən baş məşqçilərdi.
- Dostluq etdiyin əcnəbi futbolçu varmı?
- Dostluq etdiyim əcnəbi futbolçu yoxdur. Dostluq sözünün mənası böyükdür. Bir yerdə oynadığım legionerlərin çoxu ilə münasibət var. Arada danışırıq. Türkiyədə bir yerdə oynadığım İsmayıl Şahmalı var. Onunla çox yaxınıq. İndinin özündə də əlaqəm var. Amma türk olduğuna görə İsmayıla əcnəbi demək istəmirəm.
- Gələcəkdə yaxşı imkanın olsa, hansı bölgənin futboluna yatırım qoyardın?
- Yaxşı imkanım olsa, birinci növbədə doğulduğum Buzovnada futbolu inkişaf etdirərdim. Mən özüm Buzovnanın "Xəzri" komandasının yetirməsiyəm. Buzovna məktəbi ölkəmizə zamanında yaxşı istedadlar verib. Vladislav Qədirov, Azər İsayev, Vadim Vasilyev, Paşa Əliyev, İlham Qurbanov kimi futbolçular orda yetişib. İlham müəllim bizim ilk məşqçimiz olub. Rəşad Sadiqov, Aftandil Hacıyev, Ayxan Abbasov Səbuhi Sadiqovun yetişməsində onun zəhməti var. Allah Rəşadın qardaşı Səbuhiyə rəhmət eləsin! İndi də ora baxan olsa, əminəm, yaxşı futbolçular yenə üzə çıxar.
- Sənə görə Azərbaycan futbolunun tarixində ən yadda qalan qələbə hansı oyunda olub?
- Məncə ən yadda qalan oyun Türkiyə millisi üzərindəki qələbəmizdir.
- Müstəqillik tarximizin ən güclü futbolçusu kimi hesab edirsən?
- Rəşad Sadıqov.
- Karyeranda saysız-hesabsız oyuna çıxmısan. Ən yadda qalan oyun hansı olub və niyə?
- "Bakı"da çıxış edərkən ölkə kubokunun finalında "İnter" üzərində qələbə qazanıb Azərbaycan kubokuna sahib olmuşduq. Bu mənim ilk titulum idi. O qələbənin həzzini hələ də yaşayıram.
- Zamanı geri qaytarsaydılar karyerandakı hansı qərarı dəyişərdin?
- Sonuncu dəfə "Neftçi"də müqaviləm bitəndə təkliflərim vardı. Onları dəyərləndirərdim.
- Seçdiyin forma nömrəsinin xüsusi səbəbi varmı?
- İlk dəfə futbola mən qapıçı kimi gəlmişəm. Bir nömrəli formanı geyinirdim. Sonradan məşqçim məni sağ cinah müdafiəçisi kimi oynatdı. Onda 2 nömrəli formanı götürdüm. O gündən bu günə elə 2 nömrəli formada da çıxış edirəm. Elə bu nömrə ilə futbolu bitirmək istərdim.
- Keçmişini qaytarsalar bu gününü qurban verərsən, yoxsa düşünürsən ki, keçmişlə bu günün vəhdəti yaxşı gələcək vəd edir?
- Həyatda nə olursa yaxşılığa doğru olur. Allahın köməyi ilə gələcəyimiz yaxşı olsun. Keçmişdə baş verən səhvlər bizə dərs olsun ki, bundan sonrakı həyatımızda doğru qərarlar verək.
Xanoğlan İmanov

