Premyer Liqanın 29-cu turunda "Kəpəz" üzərində qələbədən sonra (2:0) "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov bu mövsüm artan hakim səhvlərindən danışıb:
"Bu gün federasiya hakim səhvlərinin yüksəlməsinə, səhvlərin az olmasını çox istəyir. Amma realı demək lazımdır, burada klubların da, medianın da günahı var. Olmayan mövzuları lazımsız ajiotaj edirik, bəzən futbolumuzu şouya çevirmək istəyirik. Bir az Türkiyə Superliqasına baxıb, o hadisələrlə eyniləşdiririk. Belədə, gənc hakimlərimiz bəzən bu təzyiqi üzərindən ata bilmirlər. Səhvlər olur. Bizim başımıza gələn olaylar zamanı təcrübəli hakimlər deyil, gənclərdir. Hakimlərin də üzərinə ata bilmərik hər şeyi. Razıyam, çox kobud səhvlər oldu ki, klubların haqqına girildi. Bunu demək lazımdır. Amma bu da çıxış yolu deyil ki, hakimləri silək-ataq. Sabah hakim tapa bilməyəcəyik. Onların da üzərinə bu qədər getmək olmaz. Səhvləri aşkar müzakirə edəndə, hakimlər də qorxur. Uşaq futbolu, Premyer Liqa, I Liqa, hakimlər...Çempionatın səviyyəsini yüksəldiriksə, hakimliyin səviyyəsi qalxmasa, narazılıq çox olacaq".
İlk öncə onu deyim ki, səhv edən referilər gənc deyil ki, göz yumaq.
Məsələn, son həftələr əsas müzakirə obyekti olan Əliyar Ağayevin, İnqilab Məmmədovun, Rəvan Həmzəzadənin kifayət qədər böyük təcrübəsi var.
Bu cür hakimlər qısa müddətdə "Turan Tovuz" və "Qarabağ"ın finala, "Neftçi"nin isə avrokuboklara gedişinə ciddi sipər olacaq qərarlar verirsə, mətbuat və klubların etirazları da haqlıdır.
Tərəflərdən heç birinin nə lazımsız ajiotaj yaratmaq istəyi var, nə da olmayan futbolumuzu şouya çevirmək niyyəti.
Məqsəd həqiqət axtarışı, şəffaflığın bərpasıdır.
Milli komandamızın baş məşqçisi ilə iki əlli razılaşdığım bir məqama isə xüsusi toxunmaq istəyirəm.
Bəli, çempionatın səviyyəsini yüksəldiriksə, hakimliyin səviyyəsi də qalxmalıdır.
İlk öncə ona baxaq ki, liqanın səviyyəsini necə qaldırılmağa çalışırıq?
Legioner limitinin ləğvi, dövlət dotasiyası müqabilində əcnəbilərin ölkəmizə axın etməsi ilə.
Yerli futbolçuların səhv edə-edə düzəlməsinə səbrimiz çatmır, tələsirik. Akademiyalar barədə heç düşünmürük.
Ok.
O zaman niyə hakimlərin səhv edə-edə düzəlməsinə dözməliyik?
Buyursunlar, oyunçularla bağlı limiti ləğv edib, əcnəbilərin ölkəmizə axın etməsinə yol açanlar hakimlərlə bağlı da eyni addımı atsın.
Əcnəbi referilər Azərbaycan Premyer Liqasına dəvət olunsun.
Yerlilər bişəndə, layiq olanda elitada oyun idarə edər.
Bəs onlar harada bişsin?
Yerində sualdır...
Yerli futbolçuların harada bişib, böyüməsini təklif ediriksə, hakimlər də orada böyüsün.
Məsələn, Birinci Liqa, İkinci Liqa, Region Liqası və.s.
Təcrübə üçün Qırğızıstana, Tacikistan da göndərə bilərik.
Yanaşma kompleks olmalıdır.
Yerli futbolçularımıza münasibət, sistem necə qurulursa, yerli məşqçilərə, hakimlərə, mətbuata, azarkeşlərə qarşı da eyni yanaşma ortaya qoyulmalıdır.
Çünki aşağı-yuxarı hamısı eyni nöqtədədir.
Yerli futbolçular məsuliyyətsizdi, səhlənkardı, iradəsizdi deyib, futbolun digər nöqtələrində olan adamların səhvlərinə dözmək də ədalətli sayıla bilməz.
XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

