Azərbaycan futbolunda bu gün hələ çox xatırlanacaq

Azərbaycan futbolunda bu gün hələ çox xatırlanacaq

Mövsümün şah oyunu sayılan "Sabah" - "Qarabağ" duelinin sonuncusu da arxada qaldı.

Böyük qalmaqal, dava-dalaş və yenə hakim rəzaləti ilə.

Bu barədə bir qədər sonra.

8500 azarkeşin önündə keçirilən oyun çox sürətli, qarşılıqlı hücumlarla başladı.

Ərazi üstünlüyü gah bir tərəfdə, gah da digər tərəfdə olurdu.

Real qol imkanları isə çox deyildi.

İlk 30 dəqiqədə Mikelsin baş zərbəsini Koxalski eyni gözəllikdə dəf etdi.

Az keçmiş Kadinin uzaq məsafədən gözlənilməz zərbəsinə Pokatilov əl yetirməkdə gec qalmadı.

35-ci dəqiqədə "Qarabağ" azlıqda qaldı. İkili mübarizədə Velko Simiçi yıxan Mateuş Koxalskini birbaşa qırmızı vərəqə ilə meydandan qovdu.

Polşalı topa çatmadığını görüncə əllərini və ayağını maksimum yığmağa çalışdı, sadəcə müvazinətini saxlamaq tam mümkünsüz olduğu üçün rəqibə toxunmadan epizodu sovuşdura bilmədi.

Məncə, sarı vərəqə ilə də kifayətlənmək olardı.

Oyunun ritmi də bunu tələb edirdi. Epizoda sonuncu ümid folu kimi baxmaq da olmur. Simiç qapıçını arxada qoymaq yox, qapıya zərbə vurmaq niyyətində idi və bunu da həyata keçirdi. Ona toxunuş isə məhz bu zərbədən sonra olmuşdu.

Digər tərəfdən Simiçin məqsədi Koxalskini aldatmaq olsaydı belə, Kevin Medinanın ona yetişməsi kifayət qədər real görünürdü.

Paraleldə qaçan Mikelsin boş qapıya zərbə vurmasına Silvanın yetişməsi kimi.

Rəvan Həmzəzadə VAR-a baxmağa belə getmədi. Getsəydi bəlkə o da qərarını dəyişərdi.

Bundan sonra hər şeyin "Sabah" üçün daha asan olacağını düşünmək olardı.

Amma Raxmonaliyevin səhvindən sonra topu ələ keçirən Addai onu Kamilo Durana çatdırınca Kolumbiyalı qapıçı ilə təkbətək dueldən qalib ayrıldı.

Buna qədər isə Aleksey İsayevin qolu qeydə alınmamışdı. Səbəb Toral Bayramovdan qaçan, Kevin Medinanı əla hərəkətlə geridə qoyan Aron Maludanın ofsaytda olmasıydı.

Bu dəqiqələrdə "Sabah"ın meydanda böyük üstünlüyü vardı. Təkcə "Sabah"ın yox, bütövlükdə oyunun ən yaxşısı olan İvan Lepiniça orta sahəni tam ələ almışdı. Dönən topları qısa müddətdə təkrar irəli xəttə çatdırırdı.

Bu dəqiqələrdə "Qarabağ"da əvəzetmələrə aşkar ehtiyac olsa da, Qurban Qurbanov buna getmədi.

Artan təzyiqin qol gətirəcəyi qaçılmaz idi.

Həmin qol 78-ci dəqiqədə gəldi. Kevin Medinanın uğursuz toxunuşundan sonra top Velko Simiçin önünə düşdü. O da asanlıq topu qapıdan keçirdi.

Qolda Aron Maludanın payı böyük idi. Fransalı vinger cərimə meydançasının həndəvərində Marko Yankoviç, Pedro Bikalyo kimi təcrübəli rəqiblərini uşaq kimi aldadaraq oyundan düşürə bildi.

Hücumlarının kəsərini artıran "bayquşlar" məsələni 90 dəqiqədə həll etmək istəyirdi.

İstəyinə də çatdı.

Səksən səkkizinci dəqiqədə cinah asmasını Kevin Medina və Toral Bayramovun əhatəsində olan Patrik Mbina başla qapıdan keçirdi.

Ümumiyyətlə, Ağdam klubunda Kevin Medina, Toral Bayramov və Dani Bolt meydanın ən zəifləri idi. Solda Toralın, sağda Boltun passiv çıxışı "atlılar"ın hər iki cinahını bərbad hala salmışdı.

Maluda Toral Bayramovun başına açmadığı oyun qalmadı. Hər cür vəziyyətdə onu aldatdı. 20 yaşlı Maludanın sürətli inkişafı fonunda barmaq sayı qədər normal yerli futbolçularımızdan biri olan Toralın oyunundakı bu cür eniş çox üzücüdür.

Medina isə artıq neçənci oyundu kobud xətaları ilə komandasına zərbə vurur.

"Sabah"ın ikinci qolundan sonra hər şeyin bitdiyini zənn edənlər, hətta arenanı tərk edənlər belə az deyildi.

Lakin son saniyədə baş verən hadisələr gecəyə damğasını vurdu.

Kamilo Duranın ötürməsindən sonra top aşkar şəkildə cərimə meydançasının içində Velko Simiçin əlinə dəysə də baş hakim Rəvan Həmzəzadə nöqtəni göstərmədi. Əl açıq, arada da ən azı iki metr məsafə vardı. Görəsən, penalı vermək üçün başqa nə lazım idi? Kimsə əlinin təbii vəziyyətdə olduğunu deyə bilər. Həmin anda Duranın qarşısında olan digər "Sabah" oyunçusu Puxaçın da əli açıqdır. Amma top ayaqdan çıxdığı anda sinəsinə sıxır. Puxaçın bunu edəcək zamanı vardısa, deməli, daha geridə olan Simiç də eyni şeyi edə bilərdi. Bu epziodlara müdafiəçi qədər təcrübəli və hazır olmadığı üçün əlini gizlədə bilmir. Ümumiyyətlə, cərimə meydançasında rəqiblə üz-üzə qalan oyunçu əlini ya arxasında gizlətməli, ya da sinəsinə sıxmalıdır. Duranın verdiyi pauza və aradakı məsafə bunu çox rahat şəkildə etməyə imkan verirdi.

Serbiyalı legioner özü də səssiz kənara çəkilməklə sanki günahkar olmasını etiraf etmiş oldu. Penal verilsəydi buna "Sabah" tərəfi də etiraz edəcək deyildi. "Bayquşlar" böyük ehtimalla əlavə vaxtda azlıqda qalan rəqibini məğlub edib finala vəsiqə qazanacaqdı. O da hələ verilən penal dəqiq yerinə yetirilsəydi.

Əvəzində Həmzəzadə VAR-a baxmağı belə artıq hesab edərək final fitini verdi.

Bundan sonra meydanda aləm bir-birinə dəydi. "Qarabağ"ın futbolçuları Həmzəzadəni əhatəyə alıb, meydançanı tərk edənə qədər kəskin etirazlarını bildirdilər.

Qarşılaşmanın ardınca "Sabah" tərəfi iki il əvvəl "Qarabağ"ın qapısına bənzər epizodda penalın verilməməsinin videosunu sosil şəbəkə hesabında paylaşmaqla olanlara reaksiya verdi.

Bəli, 3 il əvvəl 1:1 bərabərliklə bitən həmin oyunda Elçin Məsiyev səhv qərarla yadda qalıb.

Onda da bugünkü kimi sosial şəbəkələrdə hakimin qərarı birmənalı qəbul edilməmişdi, bu gün də edilmir.

Məgər dünən hansısa səhv qərar verilibsə, bu gün də eynisini etmək olar anlamına gəlir?

Dünən həmkarının xəta etməsi bu gün Həmzəzadənin xəta etməsinə bəraət qazandıra bilməz. Görüntülərə diqqət edin həmin görüşdə də "Sabah"ın oyunçuları qərarı necə sərt reaksiya verir. Təəssüf ki, həmin oyundan sonra hakimin qərarına etiraz edənlər bu gün həmin qərardan əlində qalxan kimi istifadə edir. Budur ədalət?

Kimsə razılaşmaya bilər, amma referinin biabırçı xətasının sədası Səudiyyə Ərəbistanına kimi gedib çıxdı.

Hazırda adıçəkilən ölkdə top qovan "Qarabağ"ın sabiq oyunçusu Yassin Benziya öz sosial şəbəkə hesabındakı paylaşımında "Hakim, ayıbdır. Ölkənin ən güclü komandasını ancaq belə uda bilərsiniz" sözlərini yazmaqla Masazırda başverənlərə reaksiya verib.

Maraq üçün bildirək ki, Benziyanın "Qarabağ"dakı sonuncu oyunu ötən mövsüm ölkə kubokunun finalında məhz "Sabah"a qarşı oyuna təsadüf edir. Əlcəzairli legioner həmin görüşdə baş hakim İnqilab Məmmədovun idarəçiliyinə sərt etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalanmışdı.

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyundan sonra hakimlərlə bağlı "Epizodlara ekrandan yox, planşetdən baxdım. Bu, artıq hakimlərin işidir, özləri deməlidir. Əgər Azərbaycanda futbolun səviyyəsinin artmasını istəyiriksə, hakimliyin səviyyəsi də artmalıdır. Bir çox ölkədə çalışmışam. Açığı, hakim qərarları ilə bağlı bu qədər danışıldığını görməmişəm. Hakimlik də inkişaf etməlidir. Bəzən eyni epizodlara fərqli qərarlar verilir. Bütün bunlardan nəticə çıxarmaq lazımdır" deməsi Həmzəzadənin şübhəli qərarlar verməsi ilə razılaşdığını göstərmiş oldu.

Görünən odur ki, azərbaycanlı hakimlərin bu mövsümkü idarəçiliyi hələ uzun illər danışılacaq. Bəli, bununla əziyyət çəkən klubların tapdalanan haqqı geri qayıtmayacaq, amma mütləq hər zaman ən pis şəkildə xatırlanacaq...

XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti