Ölkə kubokunun yarımfinal mərhələsinin ən maraqlı qarşılaşması Masazırda keçirildi.
"Sabah" "Qarabağ"la qarşılaşdı.
"Bayquşlar"ın qələbəsi ilə bitən görüşdə futbol adına çox şey vardı - Dolu tribunalar, sürətli oyun, gərgin mübarizə.
Hamını üzən yeganə səbəb baş hakim Rəvan Həmzəzadəni idarəçiliyi oldu. Oyun bir yana qaldı, referinin qərarları müzakirə olundu.
Xoş mənzərə deyildi.
Amma həmin gecə xoş olmayan tək bu deyildi.
Daha pis mənzərə tərəflərin meydana çıxdığı heyət idi.
22 futbolçudan vur-tut cəmi biri - Toral Bayramov azərbaycanlı idi.
O da meydanın ən zəif bəndi kimi yadda qaldı.
Maludalar inkişaf edəcək, klublar avrokuboklara getməklə hədəflərinə çatacaq. Deyək ki, orada da uğurlu olacaqlar.
Bundan Azərbaycan futbolunun qazancı nə olacaq?
Milli komandada kimlər oynayacaq?
Stəkanın dolu tərəfindən baxmaqdan asan heç nə yoxdur.
Adətən problemlər onun boş tərəfində gizlənir/gizlədilir.
Bizə yad mənzərə deyil. 2005-2015-ci illərdə də milyonlar təxminən buna bənzər şəkildə gəlmələrə axıdıldı.
Zaman dəyişir, təfəkkür yox.
XANOĞLAN / SPORTİNFO.AZ

