Vernidub 4 gündə komandaya toxuna bildi. 5:1 hesablı məğlubiyyətin psixoloji yükünü atmaq, səhvlərdən dərs çıxarıb, düz olanı seçmək asan deyildi.
Silvanı bağlamaqda aciz qalan Mustafa Seki yarımmüdafiəçi Ortislə əvəzlədi, komandanın yarısı olmağı bacarmayan Kenan Piriçi Emil Balayevlə əvəzlədi. Orta xətti dağıtmaq üçün Sessi Dalmeydanı oynatdı. Asan qərarlar deyildi, amma ölçülüb-biçilmiş addımlar idi. Sonda da birə-bir özünü doğrultdu.
Məşqçi işi bax belə anda üzə çıxır. Hər fürsətdə bəhanə axtaran yox, əlindəki resurslarla maksimumun ortaya qoyandı yaxşı məşqçi. Ukraynalı gəldiyi gündən şikayət etmədi, ucuz bəhanələr arxasında gizlənmədi. Başını aşağı salıb, iş gördü. Bu da nəticəsi.
Gələndə avrokuboklar şansı bitmiş kimi görünürdü. Yeni mövsümün planlarını cızan azarkeşlər az deyildi. Amma o təslim olmadı. "Turan Tovuz"a uduzanda ümidlər azaldı, "Qarabağ"la bu görüşdə bərabərlik qapıda kimi görünürdü, amma təslim olmadı. Sona qədər döyüşdü.
Nəticədə nə qədər çətin olsa da ilk dördlüyə qayıda bildi. "Zirə" "Qarabağ"dan sonra son illərin ən sabit kollektividir. Belə bir rəqibi qabaqlamaq asan deyil. Bu qədər hakim səhvləri ilə iki qat çətin idi. 5 illik "Qarabağ" lənətini geri qaytardı.
Sonuncu derbi isə sadəcə möhtəşəm keçdi.
Tribunalarda dayanmaq bilməyən azarkeşləri ilə, meydanda güzəşt etməyən futbolçuları ilə, oynamağa imkan verən, xırda follara göz yumaraq matça sürət verən, qüsursuz idarəçiliklə yadda qalan hakimlər briqadası ilə.
Aşağı-yuxarı bərabər səviyyədə oyun keçdi. Xüsusilə ikinci yarı dramatik keçdi.
"Qarabağ" da uda bilərdi. Hər iki komanda da qələbəyə layiq idi. Bəlkə də ədalətli nəticə bərabərlik olardı. Amma "Neftçi" ortaya qoyduğu mübarizəsinə, təslim olmamaq ruhuna görə layiqli 3 xal qazandı.
Oyundan sonra udan da, uduzan da stadiondan razı getdi.
Hamımızın istədiyi, arzuladığı futbol budur.
Demək ki, istəyəndə olur, bacarırıq.
Təki hər oyun belə təmiz olsun.
XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

