“DÇ-nın final matçının Azərbaycanda keçirilməsini istəyirik”

“DÇ-nın final matçının Azərbaycanda keçirilməsini istəyirik”

Gələn il Azərbaycanda və Özbəkistanda keçiriləcək dünya çempionatına hazırlaşan U-20 millimiz Ruy Jorjenin rəhbərliyi altında Qəbələdə ilk təlim-məşq toplanışına start verib.

30-a yaxın jurnalistin izlədiyi məşq prosesindən sonra AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərin suallarını cavablandırıb.

Assossiasiyanın məsul rəsmisi öncə toplanışla bağlı fikirlərini çatdırıb, daha sionra sualları cavablandırıb:

“U-20 yığma komandası aprelin 13-dən təlim-məşq toplanışına start verib. Hazırlıq prosesi başa çatır, sabah son gündür. Toplanış zamanı iki futbolçu zədələnib. Biri öncədən zədələnmişdi deyə, əvəzinə başqası dəvət edildi, digəri isə toplanış zamanı zədələndi. Düşünürük ki, bu toplanış gələcək hazırlıq üçün də faydalı olacaq.

- Növbəti təlim-məşq toplanışı ilə bağlı plan necədir?

- Mayın sonunda iki həftəlik toplanış olacaq. Onun da Qəbələdə keçirilməsi nəzərdə tutulub. Bu dəfə məşqçilər korpusunun istəyinə görə yoxlama görüşü keçirilmədi. Daha çox futbolçuları hiss etmək, tanışlıq xarakterli idi. İkinci təlim-məşq toplanışında isə yoldaşlıq görüşlərinin olması gözlənilir. Lakin rəqiblərin yerli, yoxsa xarici komandalar olacağı barədə dəqiq məlumat yoxdur.

- Təşkilatçılıq baxımından dünya çempionatına hazırlıq necə gedir?

- Bu mövzuda hazırlıqlar davam edir. Dövlət qurumları ilə də sıx əlaqədəyik. FİFA bütün proseslərə birbaşa nəzarət edir. Özbəkistanlı həmkarımızla mütəmadi əlaqə saxlayırıq. Hazırlıqlar həftəlik formatda davam edir. Sırf açılış-bağlanışla bağlı detallı məlumatlar hazırda yoxdur. Çempionatın tarixinə gəldikdə, təxminən 2027-ci il sentyabr ayının ortalarında başlayıb oktyabrın əvvəlinə qədər davam edəcək. Yaxın günlərdə dəqiq tarixlər, açılış-bağlanış oyunu, həm də püşkatma mərasimi ilə bağlı daha detallı məlumatlar əldə ediləcək.

- Futbolçuların oyun təcrübəsinin artırılması ilə bağlı hansısa addımlar atılacaq? I Liqada hansısa klubun yığmanın bazası kimi fəaliyyət göstərməsi gündəmdədir?

- Bu məsələ müzakirə olunsa da, qərar qəbul olunmadı. U-20 yığması bir ayda iki həftəlik hazırlıq keçəcək. Sual çempionatlarla bağlıdır, çünki futbolçuların bəziləri Əvəzedicilər Liqasında, bəziləri Gənclər Liqasında oynayırlar. Gördüyünüz kimi, həm PFL, həm də Gənclər Liqasını keçirən departamentlə danışdıq və çempionatları dayandırdıq. Bunun qarşısını almaq üçün gələcəkdə müəyyən istiqamətlər var. Əvəzedicilər Liqasının ləğvi müzakirə mövzusu olaraq qalmaqdadır. İcraiyyə Komitəsində də hazırda müzakirə gedir, Əvəzedicilər Liqası ləğv olunmasa belə, format dəyişikliyi ola bilər . U-20 yığmamızın məşqçilər korpusu bizə 17 aylıq məşq cədvəlini verib. Hansı tarixdə məşq edəcəklərini bildiriblər. Bu gün bilirik ki, U-20 yığması necə və harada məşq edəcək. Biz AFFA olaraq çalışacağıq ki, digər liqaları təlim-məşq toplanışına uyğunlaşdıraq. Əvəzedicilər Liqası ləğv olunmasa belə, çempionatın formatında dəyişiklik edilməsi mümkündür.

- Premyer Liqada oynayan futbolçularla bağlı məsələ necə olacaq?

- Bu məsələ hələ detallı müzakirə olunmayıb. Bu dəqiqə millinin heyətində “Qarabağ”da məşq edən futbolçu var. Premyer Liqada bu yaşda olan oyunçular demək olar ki, əsas heyət üzvü sayılmır. “Sumqayıt”da oyunçumuz var. Ona görə də bu klubdan oyunçu dəvət edə bilmədik. Mümkündür ki, gələcəkdə bununla bağlı hansısa klublarla danışıqlar olsun.

- Ölkə xaricində çıxış edən futbolçuların milliyə cəlb olunması ilə bağlı hansısa addımlar atılıb?

- Bu toplanışa da ölkə xaricində çıxış edən futbolçuları dəvət etmək niyyətimiz var idi. Təəssüf ki, oynadıqları liqalar davam etdiyinə görə, futbolçular toplanışa qoşula bilmədi. Gələcəkdə onları yenidən dəvət etmək fikrimiz var. Hazırkı toplanışda yalnız “Marset” futbol məktəbindən oyunçular var.

- Siyahıda olanlar hansı ölkələrdə top qovanlardır?

- Türkiyə və İsveçdə oynayan futbolçularımız var. Hansı ki, daha öncə də yığmaya dəvət ediliblər, pasportları var. Almaniyadan da 1-2 oyunçumuz var. Amma detallı məlumat verə bilmirəm. Çünki Azərbaycanla bağlılıqları olsa da, hələ ki, pasportları yoxdur.

- AFFA-nın keçmiş baş katibi Elxan Məmmədov hazırda FİFA-da çalışır. Onunla əlaqə necədir, dünya çempionatının keçirilməsi yönündə AFFA-ya köməyi dəyir?

- Təbii ki, müəyyən əlaqələr olur. Amma Elxan Məmmədov hazırda milli assosiasiyalar üzrə rəhbərdir. Sırf dünya çempionatının keçirilməsi ilə bağlı kontaktlar da olur. U-20-lərin dünya çempionatı ilə bağlı detallı görüşlərdə birbaşa FİFA-nın Yarışların Keçirilməsi üzrə Departamenti məşğuldur. Sırf Əlaqəni həmin departamentlə qururuq.

- Finalın Azərbaycanda, yoxsa Özbəkistanda keçirilməsi AFFA üçün prinsipial məqamdır?

- Bu məsələ ilə bağlı Özbəkistandan olan həmkarlarımızla danışıqlar gedir. Biz AFFA olaraq DÇ-nın final matçının Azərbaycanda keçirilməsini istəyirik.

- Gələcəkdə U-19 və U-20 yığmalarının təlim-məşq toplanışları üst-üstə düşsə, prioritet hansı olacaq?

- Bəli, belə bir hal yaşana bilər. Çox güman ki, toplanışların üst-üstə düşməsi mümkün olacaq. Bu da ondan irəli gəlir ki, U-20 yığmasını hazırlamaq üçün təxmini hər ay 2-3 həftəlik toplanış keçiriləcək. Belədə, digər yığmalarla üst-üstə düşməsi qaçılmazdır. Məşqçilərlə birlikdə qərar veriləcək, lakin seçim qarşısında qalanda daha çox U-20 yığması prioritet götürüləcək.

- U-20 yığmasının dünya çempionatına qarşısına hansı hədəf qoyulacaq?

- Hədəf odur ki, komandamızın çıxışı sadəcə iştirakçı statusu kimi görünməməlidir. DÇ-də iz qoymuş komanda olmaq istəyirik. Mübarizə aparaq, asan şəkildə təslim olmayaq. Bu, elə yaş qrupudur ki, bu turnirə xüsusi əhəmiyyət verilir. 17 yaşları yoxdur. Peşəkar müqavilələri olan, böyük klublara da məxsus oyunçuların oynayacağı turnirdir. Biz də AFFA olaraq reallığı anlayırıq. Əsas mqəsədimiz odur ki, komandamız çempionatda layiqli mübarizə aparsın.

- Təqvimlə bağlı açıq qalan məsələlər - şəhərlər, tarixlər - bunlara nə vaxt aydınlıq gələcək?

- Görünən odur ki, yaydakı DÇ-2026-dan sonrakı həftələrdə bəlli olacaq. Təxminən iyul-avqust ylarında.

HƏBİB, Qəbələ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti