Özü neftin pulunu yeməsi azmış kimi, Bakıya yengə də gətirir

26 Yanvar 2020 17:15 Azərbaycan Futbolu 1 254
Özü neftin pulunu yeməsi azmış kimi, Bakıya yengə də gətirir

AFFA hansısa mülahizələrə əsaslanıb Xaqani Məmmədovu Hakimlər Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırdı və yerinə avstriyalı Frits Stuxliki gətirdi.

Babalı öz boyunlarına, deyilənə görə, aylıq 15-17 min avro arası maaş da verirlər.

AFFA-nın indiki rəhbərliyinin, konkret baş katib Elxan Məmmədovun azərbaycanlılara patoloji nifrətini, əcnəbilərə, “milliləşdirilənlərə” aşırı sevgisini nəzərə alsaq, burda qəribə heç nə yoxdu.

Yəni adam israrla o mövqeyə sadiqdi ki, dədəmin olmayan pulu azərbaycanlılar yox, ən müxtəlif millətlərdən olan əcnəbilər – almanlar, xorvatlar və başqaları - yeməlidi. Hətta bununla da işimiz yox.

Hərçənd elə həmin Stuxlikin, illərdi “boz bina”da lövbər salan Bernard Lippertin Azərbaycan futboluna fayda yox, ziyan verdiyini dəfələrlə yazmışıq, faktlarla da sübuta yetirmişik.

Son vaxtlar daha bir tendensiya hökm sürür. Stuxlik özü neftin pulunu yeməsi azmış kimi, Bakıya yengə də gətirir. Bəli-bəli, gözünüzü silməyin: elə məhz yengə dedim. Artıq yeni qurulan ailələrdə bu instituta ehtiyac qalmasa da,

Stuxlik utanıb-qızarmadan tez-tez UEFA Hakimlər Komitəsinin yunan üzvünü də bura çağırır, məhz onun azərbaycanlı hakimlərin nəzəri biliklərini qaydasına salmalı olduğunu düşünür.

Bildiyimə görə, bu səfərlərin hər biri AFFA-ya 5 min avroya başa gəlir. Bəlkə də rəqəmdə azacıq yanılıram, amma yunan hakimin Bakıya havayı gəlib-getdiyinə inanmağa dəyməz. Stuxlik, Vassaras və onlara xeyir-dua verən Elxan Məmmədov nə düşünüblərsə, artıq hakimlərdən laktat testi götürməyi də əcnəbiyə - Taro Netzerə tapşırırlar.

Belə çıxır ki, bu ölkənin həkimlərinin səviyyəsi nə qədər aşağıdısa, hətta adi test götürməyi də bacarmırlar. Əlbəttə, mən bu versiyaya inanmıram, sadəcə, yandığımdan yazıram.

Bu ölkədə o testi götürməyə, Elxan Məmmədovun özü ilə yanaşı, Stuxliklə Vassarası da tam çekap müayinədən keçirməyə qadir həkimlər var.

Sadəcə, Məmmədov və ətrafındakılar bu ölkənin heç nəyini bəyənmir deyə, heç nə ilə əsaslandırmadan, sadəcə, əcnəbilərin xidmətinə müraciət edirlər. Bu hərəkətə ad qoymaqda belə çətinlik çəkirəm. Həyasızlıqdı, sırtıqlıqdı, nədi – bilmirəm. Amma heç bir halda yaxşı, bəyəniləsi hərəkət deyil (Futbol+).

HUŞƏNG

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"