Cənub bölgəsində futbol havası nə vaxt qızışacaq?

28 Dekabr 2019 16:00 Azərbaycan Futbolu 1 095
Cənub bölgəsində futbol havası nə vaxt qızışacaq?

Region Liqasında 9-cu turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, cənub zonasında “Alyans” qələbə qazanmaqla azarkeşlərini sevindirib.

Lənkəran təmsilçisi səfərdə “Şıxlar”ın qapısından 4 cavabsız top keçirməklə qış fasiləsinə lider kimi yollanmağı bacarıb. Qonaqların qələbə qazanmasında Zaur Nuruzadənin xüsusi xidməti olub.

Futbolçu ilk yarıda qobustanlıları 3 dəfə meydanın mərkəzinə dəvət etməklə yadda qalıb. Bununla da forvard qrupun ən sərrast oyunçuları arasında ilk pilləyə yüksəlib. Autsayder “Ərkivan” bu dəfə də qələbəyə həsrət qalıb.

Doğma azarkeşlərin gözü qarşısında Masallı komandası hələ ki məğlubiyyət acısı dadmayan “TST Astara”ya böyük hesabla yenilib. Sergey Markelovun het-trik etdiyi görüşdə son nöqtəni Afin Bağırov qoyub.

“Neftçala” isə “doğma divarlar” arasında “Ümid”lə “sülh bağlayıb”. Meydan sahibləri oyunun sonuna 5 dəqiqə qalmış məğlubiyyətdən xilas olublar. Şamil Abdullayev azarkeşləri sevindirib. Qonaqların heyətində isə Ülvi Süleymanov fərqlənib.

Şıxlar (Qobustan) – Alyans (Lənkəran) 0:4
Ərkivan (Masallı) - TST Astara 0:4
Neftçala - Ümid (Cəlilabad) 1:1

1. Alyans 9 6 1 2 22-6 19
2. TST Astara 8 4 4 0 19-5 16
3. Ümid 9 4 4 1 18-12 16
4. Neftçala 9 2 5 2 12-12 11
5. Şıxlar 8 1 1 6 3-19 4
6. Ərkivan 9 1 1 7 6-26 4
Bombardirlər: Zaur Nuruzadə (Alyans) – 7, Röyal Nəcəfov (TST Astara), Sergey Markelov (TST Astara) – 6.

Mərkəz zonasında "Ağsu Siti" ən yaxın izləyicisi "Şamaxı" üzərində 2:1 hesablı əzmkar qələbəyə sevinib. Bununla Samir İsayevin komandası qonşu bölgənin təmsiçisiylə xal fərqini daha da artıraraq liderliyini möhkəmlədib.

Matça gəlincə, ilk yarı qonaqların üstünlüyü şəraitində keçib. Artıq 10-cu dəqiqədə Elnur Mustafazadə “Şamaxı”nı hesabda önə çıxarıb. Ancaq Kənan Kərimovun yetirmələrinin qələbə hesabını qorumağa gücü çatmayıb.

İkinci hissədə daha üstün oyun sərgiləyən “Ağsu Siti” 55-ci dəqiqədə premyer-liqa və divizion təcrübəsi olan Qərib İbrahimovla “status-kvo”nu bərpa edib. 2 dəqiqə sonra isə Məhəmməd Xəlilov meydan sahiblərinə 3 xal qazandıran qolun müəllifi olub.

Maraqlıdı ki, ağsulular hesabat turunda azarkeşlərinə qələbə sevinci yaşatmağı bacaran yeganə meydan sahibi olub. "Araz" (Saatlı) - "Mil" (Beyləqan) matçının vaxtı dəyişdirilib. “İmişli” isə ilin son turunda istirahət edib.

Ağsu Siti – Şamaxı 2:1

1. Ağsu Siti 8 7 1 0 33-7 22
2. Şamaxı 7 4 2 1 16-5 14
3. İmişli 7 2 1 4 11-20 7
4. Mil 6 2 0 4 10-23 6
5. Araz 6 0 0 6 12-27 0
Bombardirlər: Aydın Qasımov (Ağsu Siti) – 11, Elnur Mustafazadə (Şamaxı) – 6, Elmir Səmədzadə ( Ağsu Siti) – 5.

Qərb və Şimal-Qərb zonasında da ilk pillələrdə qərarlaşan komandalar üz-üzə gəlib. “Şəki” çox çalışsa da, “Energetik”in müqavimətini qıra bilməyib. Qolsuz bitən 90 dəqiqə mingəçevirlilərin işinə yarayıb və onlar növbəti ilə lider kimi yollanıblar.

Qərb derbisi də heç-heçə nəticələnib. Bununla da "Göyəzən" "Qoşqar UGİM-2"ni turnir cədvəlində keçmək imkanından yararlanmayıb. Ilk hissənin 18-ci dəqiqəsində Ziyabil Məmmədov gəncəliləri hesabda önə çıxarıb.

Ancaq meydan sahibləri 58-ci dəqiqədə cavab qolunu vura biliblər. Elgün Qəhrəmanov qazaxlı azarkeşlərə məyus olmağa imkan verməyib. Zonada son pillədə yer alan "Oğuz" bu turda istirahət edib.

Şəki - Energetik (Mingəçevir) 0:0
Göyəzən (Qazax) - Qoşqar UGİM-2 (Gəncə) 1:1

1. Energetik 7 5 2 0 31-8 17
2. Şəki 8 4 2 2 13-11 14
3. Qoşqar UGİM-2 7 2 2 3 12-19 8
4. Göyəzən 7 1 4 2 13-14 7
5. Oğuz 7 0 2 5 6-23 2
Bombardir: Zamir Cəlilov (Energetik) – 12.

Region Liqası fevralın ilk ongünlüyünə qədər qış tətilinə yollanıb. Paytaxt və Şimal zonasında bu tur təqvimə görə dekabrın 22-23-də keçirilməli olsa da, sonradan fevralın 8-9-na təxirə salınıb.

Turnir cədvəlində isə ikihakimiyyətlikdi. Sumqayıt “Uğur”u ilə Qusar “Şahdağ”ı eyni xal toplasalar da, sumqayıtlılar daha çox qol vurduqlarından ilk pillədə qərarlaşıblar.

1. Uğur 8 7 1 0 44-4 22
2. Şahdağ (Qusar) 8 7 1 0 32-2 22
3. Şahdağ (Quba) 8 5 0 3 21-16 15
4. Qusar 7 4 0 3 30-15 12
5. Şirvanovka 8 4 0 4 20-18 12
6. İrəvan 7 1 0 6 15-28 3
7. Qardaşlar 8 1 0 7 13-69 3
8. Xudat 8 1 0 7 11-34 3
Bombardirlər: İlham Allahverdiyev (“Şahdağ”, Qusar) – 11, Məhəmməd Alıyev (Uğur) – 9, Coşqun Süleymanov (Qusar) – 8.

Digər Xəbərlər
Xəbər Lenti