Şələ-şülənizi götürüb, Azərbaycan futbolundan gedin!

16 Aprel 22:20 Azərbaycan Futbolu 241
Şələ-şülənizi götürüb, Azərbaycan futbolundan gedin!

Bir dəfə eşitmədik ki, Klublar Komitəsinin iclasında uşaq futbolu ciddi müzakirə olunsun/təkliflər verilsin.

Məsələn, kimsə önə çıxıb "dövlət dotasiyasından uşaq futboluna ayrılan 500 min manatı 1 milyona qaldırmaq lazımdır" desin.

İndi də 12 klubdan 10-nu "Neftçi" və "Qarabağ" xaric) qara bulud kimi Əvəzedici Liqanın başında fırlanır. Son iki ildə bütün iclaslarda bu məsələ danışılıb.

Ki, liqa ləğv edilsin. Nədi-nədi ora 100-150 min manat pul xərclənir.

Guya israf etmək bunların kitabında yoxdur. Narahatlıq canlarına ağrı salıb ki, heyfdi bu pulu boş yerə lazımsız liqaya xərcləməyək.

Amma lazımsız legionerlərə hər il milyonlar vermək olar.

Bu təklifi verənin də, dəstəkləyənin də mahiyyətində futbolumuza xidmət etmək səmimiyyəti görmürəm.

Bu gün U-20 millisinə dəvət olunan 24 oyunçu arasında Birinci Liqada oynayan 1 futbolçu yoxdur.

Çünki Birinci Liqanın səviyyəsi, peşəkarlığı, infrastrukturu yerin dibindədir.

Dünən ölkəmizə gələn Rui Jorj da həmin liqaya ciddi gözlə baxmır.

U-17 liqasında peşkarlıq, səviyyə Birinci Liqadan daha yaxşıdır.

Ay Klublar Komitəsi, dəstək olun, təklif verin Birinci Liqanın infrastrukturu düzəlsin, peşəkarlıq artsın, səviyyə qalxsın.

Hətta "Qarabağ"a görə UEFA-dan gələn 1.6 milyon manatlıq yardımdan da dəstək məqsədi ilə ora ayrılmasına təşəbbüs göstərə bilərsiniz. Əgər xislətinizdə azərbaycanlı balalara xidmət etmək varsa...

Hə, ondan sonra Əvəzedici Liqanın ləğvinə fərman verilsin. Mən də iki əlli razıyam.

Bu da olar futbolumuza xidmət, gələcəyimizə yatırım.

Ağzını açan ləğv etməkdən danışır. Axı futbolda qurmaq, yaratmaq kimi anlayışlar da var. Bacarmırısınızsa şələ-şülənizi götürüb gedin...

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq
16 Aprel 00:50 Yenə qazaxlara uduzduq