“Kayzerslautern”də Mahir Emreli şoku - Yalançı vəd, laqeyd münasibət

21 Aprel 23:00 Azərbaycan Futbolu 192
“Kayzerslautern”də Mahir Emreli şoku - Yalançı vəd, laqeyd münasibət

Mahir Emreli "Kayzerslautern"də problemlə üzləşib.

Baş məşqçi Torsten Liberkneht ona güvənmir.

Halbuki çalışdırıcı fevral ayında Almaniya mətbuatına açıqlamasında uzunmüddətli zədədən qayıdan Emreli barədə bunları demişdi: “O, tədricən daha çox şey edə bilər”.

3 aylıq aradan sonra meydan qayıdan həmyerlimiz “Karlsrue” ilə qarşılaşmanın 83-cü dəqiqəsində meydana daxil olub və 90+4-cü dəqiqədə komandasının üçüncü qolunu vurmuşdu.

Elə həmin ərəfədə klubunun idman direktoru
Marsel Klos Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasova zəng edərək Mahir Emrelinin mart toplanışına dəvət olunmamasını xahiş etmişdi.

Səbəb kimi “Kayzerslautern”in daxili liqada vacib oyunları göstərilmişdi.

Ayxan Abbasov onun üçün nə qədər çətin olsa da xahiş geri çevirməyərək Azərbaycan millisinin vacib fiqurunu "FİFA Serias-2026" üçün milliyə çağırmamışdı.

Ki, klubunda daha da möhkəmlənsin.

Baş məşqçinin açıqlaması, idman direktorunun xahişi və Mahirin zədədən sonra qısa müddətdə ilk qolunu vurması ümid verirdi ki, tezliklə əsas heyət üzvünə çevriləcək.

Təəssüf ki, nə baş məşqçi verdiyi açıqlamasına uyğun davranır, nə də Ayxan Abbasova minnətçi düşən idman direktoru vədinə əməl edir.

Belə ki, milli komandalara görə yaranmış fasilədən sonra 3 tur oynanılıb və həmin matçlarda Emreli cəmi 7 dəqiqə meydanda olub.

Həmin 7 dəqiqə isə 2 tur əvvəl "Düsseldorf"la görüşə təsadüf edir.

Son 2 qarşılaşmada ümumiyyətlə hücumçu 90 dəqiqəni ehtiyat oyunçular skamiyasında keçirib.

Baş məşqçi Torsten Liberkneht son turda "Kiel"ə ilk hissədən sonra 0:3 məğlub durumda olduğu halda da Emrelinin köməyinə ehtiyac duymayıb.

Hətta fasilədə Ritter, Bassete və 64 cü dəqiqədə Berişa, Skyutta kimi ön xətt oyunçularının hamısını meydandan alsa da millimizin üzvünə yenə meydanda yer tapılmayıb.

Əgər Mahir "Kayzerslautern"ə lazım deyildisə, idman direktorunun bu xahişi nəyə lazım idi?

Klubda vəziyyət belə olacaqdısa, elə 28 yaşlı hücumçu Azərbaycan millisinin heyətində yer alardı.

Həm "Sent-Lüsiya", həm də "Syerre-Leona" ilə matçlarda Ayxan Abbasova kömək edərdi, həm də özü oyun praktikası qazanmış olardı.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 17:30 Çək və bizə göndər!
21 Aprel 02:00 "Turan Tovuz"da iki...