“Sportinfo TV“də yayımlanan “Sport Xəbər“in növbəti buraxılışı efirə gedib.
Aytən Mustafayevanın təqdimatında izləyicilərin görüşünə gələn xəbər proqramında bir sıra maraqlı məlumatlar diqqətə çatdırılıb.
Bildirilib ki, Ovusu Kvabena Azərbaycana qayıda bilər. “Qarabağ”ın sabiq hücumçusu Premyer Liqa təmsilçisinin maraq dairəsindədir.
Söhbət növbəti mövsümdə çempionluq iddiasını ortaya qoyacaq “Turan Tovuz”dan gedir.
Ovusunu yaxından tanıyan klub rəsmiləri onun barədə məlumatları baş məşqçi Kurban Berdıyevə təqdim edib.
Türkmənistanlı mütəxəssis 29 yaşlı qanalını sərəncamında görməkdən məmnun qalacağını bildirib.
Son olaraq “Sakaryaspor”un şərəfini qorumuş Kvabena hazırda azad agent statusuna malikdir və karyerasını Azərbaycanda davam etdirməyə “yox” demir.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov şok qərar verib. O, Joel Montieli əsas komandadan uzaqlaşdırıb.
Təcrübəli mütəxəssis ispaniyalı yarımmüdafiəçini qeyri-müəyyən müddətə düşərgədən kənarlaşdırıb. Buna səbəb prineyli legionerin intizamsızlığa yol verməsidir.
Montielin Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" (İslandiya) ilə keçirilən oyunlar üçün iştirak ərizəsində adının olmaması sırf bu hadisədən qaynaqlanır.
Mahir Emreli isə gələcək karyerası ilə bağlı mühüm qərar verib. O, 2 ildən sonra Almaniyadan ayrılıb.
Azərbaycan millisinin hücumçusu yenidən Polşaya qayıdıb.
“Kayzerslautern“ə məxsus forvard “Rakuv“dan gələn dəvəti qəbul edib. Ekstraklassanın iddialı iştirakçısı II Bundesliqa təmsilçisi ilə danışıqlar apararaq, keçidi reallaşdırıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

