“Neftçi”ylə “Sabah” arasında baş tutan görüşdə qonaqları dəstəkləmək üçün “Soldati di Sabah” tribunada olmalıydı. Lakin 90 dəqiqə boyunca onları görən olmadı.
Sonradan məlum oldu ki, sözügedən azarkeş qrupunun üzvləri uzun yol qət edərək Zirəyə gəliblərmiş.
Lakin üst geyimlərindəki şəkilə görə polislər stadiona daxil olmalarına icazə verməyib. Fanatlar buna etiraz olaraq oyunu boykot edib.
“Soldati di Sabah”ın sosial şəbəkə hesabında bununla bağlı paylaşım edilib:
“18 avqust 2024-cü ildə baş tutan “Neftçi” – “Sabah” oyununda iştirak edə bilməməyimizin səbəbi “Soldati di Sabah” azarkeş qrupunun üst geyimində yer alan “skelet” şəkili olmuşdur.
Heç kimin bilmədiyi yeni qaydaya görə, artıq heç bir stadiona o üst geyimi və bannerlərlə girişə icazə verilməyəcək.
Göstərdikləri dəstəyə görə “Sabah” və “Neftçi” klublarına təşəkkür edirik!”
Skelet işarəsi ölüm mənası verdiyindən, çox güman, tətbiq edilən qadağa buna görədir. Hər halda Premyer Liqa klublarına azarkeşlik edən şəxslərin bu tələbdən xəbərdar olması mütləqdir.
HƏBİB / SPORTİNFO.AZ