“Qarabağ”ın “sinifdə qalması”...

12 Dekabr 2019 13:42 Avropa Liqası 1 152
“Qarabağ”ın “sinifdə qalması”...

Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulur. Tofiq Bəhramov adına Respublika stadionunda 21.55-də başlanacaq “Qarabağ” - “Düdelanj” matçına çox az bilet satılıb. Təxminən 5 min civarında. Yerli idman saytları ehtimal edirlər ki, bu gedişlə bu axşam görüşü ən yaxşı halda 8-9 min azarkeş izləyəcək. Bu isə “Qarabağ”ın avrokuboklar tarixindəki ev matçlarındakı ən az azarkeş göstəricisi sayılacaq.

Lüksemburq təmsilçisi ilə oyuna marağın az olması hamımız bilirik ki, səbəbsiz deyil. Son tur bu iki klub üçün formal xarakter daşıyır. “Qarabağ” hətta qələbə qazansa belə, təəssüf ki, qrupda qalacaq.

Böyük ümidlərlə başladığımız mərhələdə yenə “sinifdə” daha doğrusu, payıza qaldıq. Yadımdadır ki, orta məktəbdə sinifdə qalan uşaqlara birtəhər baxırdılar, həmin uşaqlar da kompleks yaşayırdılar. Sonra yeni sinif, yeni uşaqlar, yeni ümidlər...

“Qarabağ” bizim ürəyimizdir, o, qələbə qazananda, Qazan xan demişkən, biz də sevinmişik, kədəri kədərimiz olub. İndi isə təəssüf ki, payızın son solğun günlərində “Qarabağ” adına sevinmək üçün heç bir səbəb qalmayıb. Halbuki hər şey daha fərqli ola bilərdi.

“Qarabağ” bu il Avroliqada keçilə biləcək qrupa düşmüşdü, ikinci yeri tutub ilk dəfə adını mərhələ keçəcək Azərbaycan klubu kimi tarixə yazdıra bilərdi. Amma fəqət və lakin...

“Qarabağ” getdikcə müxalifətə bənzəməyə başlayıb. Ağlınıza başqa fikir gəlməsin, söhbət ondan gedir ki, bu klub da gücünü itirə-itirə gedir, heyətini istənilən səviyyədə yeniləyə bilmir. Bu heyət məsələsi bir klub azarkeşi kimi mənim zəif yerimdir, bundan söz düşəndə tənqidin yanından keçə bilmirəm. Baxmayaraq ki, bütün arqumentləri anlayıram, Azərbaycan milli çempionatının səviyyəsini bilirəm. “Gələn yoxdur” arqumentinə də qərib baxmıram.

Futbolçu həyatı məmurluq deyil ki, uzun və ya limitsiz olsun. Bu səbəbdən hamı daha yaxşı klublarda oynamaq istəyir. Amma bu o demək də deyil ki, kluba gedib gələn il geri qaytaracağın və ya tutarsa, satacağın futbolçu gətirməlisən. Bu “Qarabağ”ımızın qapıçı siyasəti nədir siz Allah? Ancaq qapıçı, hər il qapıçı... Dünya çempionatından sonra “Qarabağ” islandiyalı qapıçı Hannes Tor Halldorssonu heyətinə cəlb etdi.

Messinin dünya çempionatında bir səhlənkar penalını qaytardığı üçün ona diqqət vardı. Amma yadımdadır ki, mən ilk oyundan onun yaxşı qapısı olmadığını yazmışdım. Dediyim təəssüf ki, doğruldu. Mövsümün əvvəlində komandaya transfer olunan Hannes cəmi 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydanda oldu. Vəssalam..."Yaxşı yol, Hannes Tor Halldorsson, səninlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilir".

Sonra yenə qolkiper axtarışı. Sonra daha bir uzunboylu Beqoviç. Bu qapıçı axtarışı nədir belə? Niyə məhz qapıçı? Klubun buna əşhədu ehtiyac olmadığı halda niyə müdafiəçi, niyə yarımmüdafiəçi, niyə hücumçu yox, qapıçı arayıb axtarır? Bunun bir bilinməz sirrimi var?

Bəli, “Qarabağ” hər il hər mövqedə oyunçu axtarır, transfer edir və sairə. Amma çox hallarda bu futbolçuları da uğurlu transfer kimi tarixə yazmaq olmur axı...Ən maraqlısı bilirsizmi, həm də nədir?. “Qarabağ” hansısa oyunçunu transferə çıxarır, o babat oyunçu gedir, sonra klub yenidən onu geri qaytarır.

Matç-Futbol kanalında bir proqram var, aparicısı erməni olduğuna görə həvəslə baxa bilmirəm. Transferlərlə məşğul olan agentlərdəndir proqram. Baxırsan ki, dünya futbolunun transfer siyasətindən nə qədər kənarda qalmışıq və bunun günahı heç də təkcə “Qarabağ”da deyil...

Qış transferi dövründə də “Qarabağ”ın planları var. Saytların birində qeyd edilib ki, baş məşqçi Qurban Qurbanov qışda bir neçə mövqeni gücləndirmək haqda düşünür. Bu ayın sonu müqaviləsi başa çatacaq Asmir Beqoviçlə yolların ayrılacaq klub Şotlandiyanın “Sent Mirren” klubunun çexiyalı qolkiperi Vatslav Qladki almaq planı var. Yenə qapıçı?

Rəşad Sadıqovun mövsümün sonunda karyerasını başa vuracağı və bu səbəbdən Bədavi Hüseynov və Rahil Məmmədovla yanaşı komandaya əlavə stopper lazım olacağı da deyilir. Yarımmüdafiədə Simeon Slavçevin göndəriləcəyi gözlənilir və orta xəttə bir futbolçu lazımdır. O cümlədən hücum xəttinə də.

“Qarabağ”da bir kriz, metal yorğunluq hiss olunmaqdadır, bu daxili çempionat da özünü göstərir. Qurban Qurbanov və klub rəhbərliyinin üstünlüyü həm də ondadır ki, “Qarabağ”da yaxşı mühit var. Oturub hər bir problemi həll etmək mümkündür.

Bugünkü oyuna gəlincə, Azərbaycanda mərc oyunlarının yeganə qanuni elektron ünvanı etopaz Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” - “Düdelanj” oyunu üçün əmsalları açıqlayıb. Qol.az xəbər verir ki, aşkar favorit kimi göstərilən Ağdam klubunun qələbə əmsalı 1.17 kimi dəyərləndilib. Heç-heçəyə 6.65, “Düdelanj”ın qələbəsinə isə 11.50 əmsal verilib.

Nəhayət, sonda gözlənilməz bir istefa barədə ... Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan APOEL-də gözlənilməz ayrılıq baş verib. Nikosiya təmsilçisi baş məşqçisi Tomas Dollu istefaya göndərib. Onun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Lukas Hatziloukasaya həvalə olunub.

Bu klub bu mövsüm bizim bütün arzularımızın içinə gül qoydu, özü də bu alman məşqçinin sayəsində. Niyə getdi? Kipr mətbuatı komandanın ölkə çempionatının sonuncu turunda “Olimpiakos”a 0:2 hesablı uduzmasından sonra bu qərarın verildiyini yazıb.

Tomas Dollu da “payıza” qaldı demək... Ədalətlimi?

Nazim SABİROĞLU

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"