Məşhur ispan “Qarabağ”ı izlədi, ”Bakıda fərqli oyun ortaya qoyacaq” dedi

8 Noyabr 2023 13:20 Avropa Liqası 746
Məşhur ispan “Qarabağ”ı izlədi, ”Bakıda fərqli oyun ortaya qoyacaq” dedi

“Bakıda bizi çox çətin oyun gözləyir”.

Sportinfo.az xəbər verir ki, bunu “Bayer 04”ün baş məşqçisi Xabi Alonso “Qarabağ”a qarşı keçiriləcək Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ərəfəsində mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis səfərə 3 xal üçün yollanacaqlarını söyləyib: “Evə uğurlu nəticə ilə qayıtmaq üçün əlimizdən gələni etməliyik”.

41 yaşlı mütəxəssis qarşılaşmada qapını çexiyalı Matey Kovarjın qoruyacağını söyləyib.

O, müdafiəçi Edmond Tapsobanın “Qarabağ”la matçı buraxacağını bildirib:

“Tapsoba əməliyyat olunduğu üçün qarşıdakı görüşlərdə bizə kömək edə bilməyəcək. Demək olar ki, hər oyunda dəyişikliklər edirik. Eyni zamanda, fərqli sistemlərdə çıxış etməyi bacarırıq”.

Xabi Alonso “Qarabağ”ın Premyer Liqanın XII turunda “Kəpəz”i 7:1 hesabı ilə məğlub etdiyi qarşılaşmanı izlədiyini sözlərinə əlavə edib:

“Qarabağ”ın ölkə çempionatında son oyununa baxmışam. Onların çox yaxşı komanda olduğunu bilirəm.

Ancaq bu, Azərbaycan çempionatının matçı idi. Avropa Liqasında fərqli olur. Əminəm ki, “Qarabağ” Leverkuzendəki matçdan fərqli oyun ortaya qoyacaq”.

Xabi Alonso Bakıya uzun səfərin komandasına təsir etməyəcəyini düşünür:

“Bu, bizim üçün yeni hal deyil. Daha uzun yol qət etdiyimiz anlar olub. “Qarabağ” da bura gələndə uzun yol qət etmişdi.

Məqsədimiz 3 xal qazanmaqdır. Buna görə də yol amilinin çətinlik törətməyəcəyini hesab edirəm”.

Noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti