Elxan Məmmədov nazir olmaq iddiasındadır? – O. mətbuatı öz tərəfinə çəkir

24 Yanvar 2024 14:00 Araşdırma 1 766
Elxan Məmmədov nazir olmaq iddiasındadır? – O. mətbuatı öz tərəfinə çəkir

Martın sonunda AFFA-nın növbəti hesabat-seçki konfransı keçiriləcək.

Burada sual doğuran əsas məsələ federasiyanın növbəti prezidentinin kim olacağıdır.

Hələlik bu sualın dəqiq cavabı yoxdur, bir iddiaçı rəsmən ortalığa çıxmayıb. Kluarlarda yalnız müxtəlif söz-söhbətlər dolaşır, hansısa namizəd, yaxud namizədlərdən danışılır.

2022-ci ilin mayında AFFA-nın icraçı vitse-prezident və baş katib postlarını tərk edən Elxan Məmmədov, böyük ehtimalla, həmin siyahıda yer almayacaq.

Hər halda ötən ilin dekabrında Azərbaycanda səfərdə olan FIFA-nın baş katibi Fatma Somoura «CBC Sport»a verdiyi açıqlamada qurumun Paris ofisinin direktorunun AFFA-ya dönməyəcəyini açıqlayıb.

Aydındır ki, E.Məmmədov mövqeyini afrikalı Fatma xanımın diliylə ifadə edib. Yoxsa onun nəyinə lazımdır ki, AFFA-ya növbəti seçkilərə namizədlər haqda fikir bildirsin, sözarası isə Məmmədovu tərifləsin?

Amma sizə elə gəlməsin ki, E.Məmmədov gələcəyini yalnız Avropaya bağlayıb, ömrünü Parisdə başa vurmaq niyyətindədir. Bir yox, iki gözü də bugünün özündə də Bakıdadır.

O, geri dönmək iddiasındadır. Şəxsə yaxın çevrənin apardığı təbliğata inansaq, bu proses uzun çəkməyəcək, bir də eşidəcəyik ki, paho, adam bura qayıdıb, özü də yüksək vəzifəyə təyinat alıb.

AFFA olmasa da, idman sektoruna aid başqa bir postla onu görəcəyimiz istisna deyil.

Adamın ürəyindən nazir olmaq keçir və oturub-durduğu «qaquliklər», həmçinin bu dairəyə yaxın fərdlər bu ehtimalın günlərin birində reallığa çevriləcəyinə çox inanırlar.

Təkcə inanmaqmı? Yox, canım… Elxan Məmmədova bağlılığı ilə bilinən klub funksioneri, o cümlədən, yenidən bu sferaya dönəcəyinə inanan sabiq idarəçilərdən biri fəal iş aparır.

Təbliğat planı üzərində çalışıblar və onu həyata keçirməyə başlayıblar. Çox ehtiyatlı hərəkət edirlər. Ortabab və kiçik beş-altı media orqanını bir ətrafda birləşdiriblər.

Onlara iki «qol»la nəqd formada vəsait ötürülür (məbləğ standart deyil, saytlara görə dəyişir). Hərəyə bir «rol» biçilib.

Kimi Elxan Məmmədovu unudulmağa qoymamalı, Paris gündəliyini daim işıqlandırmalı, kimi AFFA-nın baş katibi Sərxan Hacıyevin fəaliyyətini tənqid etməli, kimi sosial şəbəkə hesablarında onu «vurmalı», kimi idman aləmində başıpozuqluğun hökm sürməsi yönündə təsəvvür yaratmalı, kimi də… sadəcə, susmalıdır.

Şifahi anlaşmaya görə, bu işbirliyi minimum daha 3 ay qüvvədə qalacaq.

Elxan Məmmədovda hardasa belə əminlik var ki, dövrü mətbuatda onunla bağlı gedən tənqidi yazılar sitfarişlidir və keçmiş müavini, hazırda AFFA-nın baş katibi vəzifəsini tutan Sərxan Hacıyevin bunda barmağı var.

Görünür, binəva 13 illik bərbad idarəçilik dönəmini artıq unudub, ya da ki, barəsində formalaşan mənfi fikirlərin bu gün də əl-ayağına dolaşmasından əndişə keçirir.

Əlbəttə, nə tökərsən aşına, o da çıxar qarşına. Sən 13 il ərzində futbolu məhv elə, varlan, azad medianı boğmağa çalış, indi də orada-bura de ki, məni niyə tənqitd edirlər, aha, tapşırıqla yazırlar.

Özü həmişə belə işləyib axı.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti