Ermənilər 7 kəndi nəyə görə Azərbaycana qaytarmır?

1 Aprel 2023 03:50 Araşdırma 2 249
Ermənilər 7 kəndi nəyə görə Azərbaycana qaytarmır?

Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün beynəlxalq təminat lazımdır.

Burada Rusiya, ABŞ və Avropanın uzlaşa biləcəyi bir platforma yaradılmalıdır.

İndiki platformada isə Avropa, ABŞ və Rusiya ayrı-ayrılıqda çıxış edir. Bu da Ermənistanın sülhdən qaçmaq manevrlərini artırır.

Çünki erməni tərəfi Qərb platformasında belə öz maraqlarına uyğun olmayan məsələlər gündəmə gələndə dərhal Rusiyaya meyl edir.

Rusiya da adekvat olaraq prosesi pozmaq üçün bundan istifadə edir. Eyni məsələ Rusiya masasında olduqda isə Qərb oxşar taktikadan istifadə edir.

Bunu teleqraf.com-a siyasi təhlilçi Asif Nərimanlı deyib.

O qeyd edib ki, Rusiya və ABŞ-ın Qərbin vasitəçiliyi adı altında sülh müqaviləsinin imzalanmasında əslində bölgədə kimin hakim olması məsələsi gündəmdədir:

“Bundan da erməni tərəfi yararlanır və hər iki masada özü üçün manevr imkanları qazanır. Ötən ilin dekabrına qədər gözlənilən o idi ki, sülh müqaviləsi imzalansın. Bununla bağlı çağırışlar, fikirlər var idi. İndiki situasiyada sülh müqaviləsi əvəzinə hərbi ritorikaya keçid edilib. Bunun da səbəbi geosiyasi vəziyyətin dəyişməsi ilə bağlıdır. Çünki 44 günlük müharibədən sonra Ermənistan davamlı olaraq prosesi uzadıb. Bunu qarşı tərəf müxtəlif bəhanələrlə edir. Onlar ümid edir ki, geosiyasi vəziyyət dəyişsin və bundan sonra onların əlləri bu və ya digər formada güclənə bilər. Amma hazırkı situasiyada, yəni Rusiya-Ukrayna müharibəsindən sonra faktiki dəyişən geosiyasi vəziyyət bu bölgəyə də təsir edir. Burada da sözsüz ki, iki qütbün maraqları var. Ona görə də, məhz bu iki qütb uzlaşmadığı müddətdə sülh müqaviləsinin də imzalanması bir qədər arxa plana keçir”.

Siyasi təhlilçiyə görə, məhz bu zərurətdən yenidən müharibənin başlaması ehtimalları güclənir:

“30 il ərzində münaqişənin həll edilməməsi də məhz Ermənistanın davamlı olaraq prosesi uzatması ilə bağlı idi. Faktiki olaraq status-kvonu saxlamaq üçün proses müxtəlif bəhanələrlə uzadılırdı. İndi də sanki həminki vəziyyət yaranıb. Sözsüz ki, Azərbaycan həmin vəziyyəti müharibə yolu ilə dəyişdi. Bu baxımdan sülh üçün yenidən müharibənin başlanması artıq zərurətə çevrilir. Azərbaycanın Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icrasına nail olmaq üçün yenidən müharibəyə başlaması qaçılmaz görünür”.

Asif Nərimanlı hesab edir ki, artıq Qarabağ məsələsi həll edilib və dünya birliyi bu ərazidə baş verənləri Azərbaycanın daxili prosesi kimi qəbul edir:

“İndiki situasiyada Ermənistan delimitasiya məsələsində pozuculuq edir. Erməni tərəfi sərhədlərin SSRI dağılan zaman mövcud olan xətlərlə bərpasını istəyir. Bu da o deməkdir ki, Qazaxın 7 və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılmasından Ermənistan imtina edir. Sözsüz ki, bu faktiki olaraq Azərbaycanın maraqlarına uyğun deyil. Azərbaycan tərəfi isə tarixi ədalətin bərpası üçün bu ərazilərin də geri qaytarılmasını tələb edir. Buna paralel olaraq kommunikasiya xətlərinin açılması məsələsi həll edilməlidir. Çünki Ermənistanın üzərinə götürdüyü öhdəlik Naxçıvana maneəsiz keçidlə bağlıdır. Erməni tərəfi çalışır ki, bu iki məsələdə önə çıxsın. Bu prosesdə isə Qərb Zəngəzur yolunun dəhliz məntiqi ilə açılmasına qarşıdır. Çünki Qərb orada Rusiyanın dayanmasını istəmir. Bu da Ermənistana sərf edən bir yanaşmadır. Rusiyanın təklif etdiyi sülh masasında isə Azərbaycanın istəkləri olsa da, sərhəd və digər bir məsələlərdə müəyyən problemlər var. Eyni zamanda Rusiya Qarabağ məsələsini də sülh müqaviləsinə daxil etməyə çalışır. Bu baxımdan da hər iki masada Azərbaycan üçün müsbət və mənfi cəhətllər mövcuddur. Ermənistana yanaşmada da eyni proses var. Bu da konkret olaraq ortaq məxrəcə gəməyə çətinliklər yaradır. Ona görə də, yeganə çıxış yolu yenidən müharibənin olmasıdır”.

Digər Xəbərlər
Xəbər Lenti