Bütün şübhələrə son qoydu: “Mənim Mübariz Mənsimova heç bir bağlılığım yoxdur”

15 May 2022 11:40 Araşdırma 5 599
Bütün şübhələrə son qoydu: “Mənim Mübariz Mənsimova heç bir bağlılığım yoxdur”

“Mənim Mübariz Mənsimova heç bir bağlılığım yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xan Lənkəran»ın prezidenti Pərviz Hüseynov söyləyib.

I Divizionda mübarizə aparmaq iddiasında olan cənub klubunun rəhbəri “Xəzər Lənkəran”ın sahibi ilə tanışlığının 3 ay əvvələ təsadüf etdiyini söyləyib:

“Biz gözümüzü açıb elimizdə, obamızda futbola maraq görmüşük. Heç kimə sirr deyil ki, cənub bölgəsi həmişə futbola böyük həvəs göstərib.

Bu istək, bu həvəs böyüklərdən mənə də keçib. Yadıma gəlir ki, “Xəzər Lənkəran” Premyer Liqada ilk ev oyununu MOİK-ə qarşı keçirdi və 1:0 uddu.

Həmin vaxt stadionun tikintisi hələ başa çatmamışdı, tribunalar tam hazır deyildi. Bununla belə, stadiona 15 mindən çox azarkeş toplaşmışdı.

Biz isə məktəbli idik və “son zəng”ə hazırlaşırdıq. Uşaqlarla fikirləşdik ki, hara gedək? Dedik, “Xəzər”in oyununa baxaq.

Stadiona gəlib o qədər azarkeşi, gözəl futbolu görəndə, açığı, ürəyimdən bir hiss keçdi. Öz-özümə dedim ki, kaş, mənim də gələcəkdə belə bir imkanım olaydı, bu cür komanda yaradardım.

Klub yaratmaq o vaxtdan mənim arzum olub. Allah səsimi eşitdi, bu imkanı mənə yaratdı. 32 yaşım var, indiyədək biznes aləmində böyük işlər görmüşəm.

Allah bu bacarığı, bu şansı mənə verib, ondan düzgünlüklə, ağılla istifadə etmişəm. Yəni ki, başqalarının pulu ilə heç bir iş görməmişəm. Nə qazanmışam, özüm qazanmışam.

Deyirlər ki, “Xan Lənkəran” guya Mübariz Mənsimovla bağlıdır. Mən onun adını “Xəzər Lənkəran” yaranandan sonra eşitmişəm, belə tanışlığım olmayıb.

Onunla ilk dəfə bir neçə ay əvvəl görüşmüşəm. Bu da “Xəzər Lənkəran” stadionunda üzləşdiyimiz bəzi problemlərlə əlaqədar idi.

Təfərrüata varmaq istəmirəm, mən məcburiyyət qarşısında qalıb İstanbula getmişəm. Mübariz Mənsimov o stadionun tikilməsinə 15 milyon manatdan çox vəsait xərcləyib.

Mən isə istədim ki, stadionu uzunmüddətli icarəyə götürüm və təmir işlərinə başlayım. Meydança uzun müddət istifadə olunmadığından, baxımsız vəziyyətə düşüb.

Meydançanın dəyişdirilməsini mənə 300 min manata dedilər. Tribunalar da təmir olunmalıdır. Oturacaqların dəyişdirilməsi də hardasa 120 min manata başa gəlir.

Ümumiyyətlə, stadiona minimum yarım milyon manat xərcləmək lazımdır ki, burada Divizion və Premyer Liqa oyunları normal səviyyədə keçirilsin.

Mən bu vəsaiti ödəməyə hazıram. Sadəcə, burada elə münasibətlə qarşlaşdıq ki…

Dedim, gedib İstanbulda Mübariz Mənsimovla görüşəcəm, onun özüylə bu barədə danışacam. Onunla görüşməyimizi Pərviz Abdullayev təşkil elədi.

Ortaq dostlarımızın köməyi ilə Pərvizdən xahiş elədik, o da Mübariz müəllimlə danışdı. Beləcə, görüşdük, vəziyyəti ona danışdım.

Lənkəranlı iş adamları hər yerdə var. Azərbaycanın özündə, Rusiyada, başqa-başqa ölkələrdə…

Dediyim odur ki, Lənkəranda klub yarada biləcək yeganə iş adamı Mübariz Mənsimov deyil. Mən və mənim kimi başqaları var.

Kim bizim klubu aparıb Mənsimova bağlayırsa, maliyyəni onun verdiyini söyləyirsə, çox böyük səhvə yol verir. Razıyam, qoy bunu da araşdırsınlar.

Yeganə istəyim böyük futbolun Lənkərana qayıtmasıdır. Bunun üçün əlimdən gələni edirəm və bundan sonra da edəcəm”.

Digər Xəbərlər
Xəbər Lenti