Futbola milyonlar xərcləyən azərbaycanlı oliqarxların çöküşü - Haradan haraya...

23 Oktyabr 2021 16:40 Araşdırma 806
Futbola milyonlar xərcləyən azərbaycanlı oliqarxların çöküşü - Haradan haraya...

Biznesi düzgün idarə etmədikdə və zamanında yol verilən səhvlər sonda iş adamlarının iflası, zəifləməsi, eləcə də var-dövlətini itirməsi ilə nəticələnir.

Belə iş adamları arasında azərbaycanlılar da var. Onlardan bəzilərini təqdim edirik:

Telman İsmayılov - “AST Telman”

1956-cı ildə Bakıda anadan olan Telman Mərdan oğlu İsmayılovun kim olması ilə bağlı ətraflı dosyeyə ehtiyac yoxdur. Vaxtilə AST müəssisələr qrupunun rəhbəri olan İsmayılov, misli bərabəri olmayan sərvətə sahib olub. Bir sıra dünya ulduzları İsmayılovun şəxsi ziyafətlərində pul qarşılığında iştirak edib. Bir zamanlar məclislərdə "paçka-paçka" dollar səpən İsmayılov, eyni zamanda Şərqi Avropanın ən iri ticarət meydanı hesab olunan və 2009-cu ildə bağlanan Çerkizovskiy bazarının da sahibi idi.

O, 2009-cu ildə Antalyada "Mərdan Palas" adlı 7 ulduzlu oteli tikməsi ilə bir daha gündəmə gəlmişdi. İsmayılov otelin tikintisinə 1 milyard dollardan da çox vəsait sərf etmişdi. Otelinin açılışında Monika Belluçi, Şeron Stoun, Peris Hilton, Riçard Qir, Tom Cons, Filip Kirkorov və İosif Kabzon kimi məşhurlar iştirak edib. Otelin açılış lentlərini isə Moskvanın keçmiş meri Y.Lujkov öz xanımı ilə birlikdə kəsib. Telman oteli öz atasının şərəfinə “Mərdan Palas” adlandırıb.

Telman İsmayılov öz ekstravaqantlığı ilə diqqət çəkirdi. Məsələn, Nitsedə keçirilən əyləncə gecəsinə İsmayılov qızılı təyyarədə yollanmışdı.

Vaxtilə milyonlar səltənətində üzən İsmayılov, indi Monteneqrodan siyasi sığınacaq alıb. Ona qarşı 2017-ci ilin noyabrında 2 nəfər moskvalı iş adamının qətlinin sifarişi ittihamı ilə cinayət işi açılıb və İnterpol xətti ilə axtarışa verilib. Bu ilin oktyabrın əvvəlində Rusiyanın verdiyi beynəlxalq order əsasında saxlanılan AST Telman ötən gün isə siyasi sığınacaq aldıqdan sonra istintaq təcridxanasından sərbəst buraxılıb.

Hafiz Məmmədov - “Hafka”

Hafiz Məcid oğlu Məmmədov da Bakıda anadan olub. Vaxtilə Baghlan Group FZCO-nun prezidenti olan Məmmədov, eyni zamanda hazırda fəaliyyətini dayandıran “Bakı” futbol klubun da rəhbəri idi.

Telman İsmayılov kimi, Hafiz Məmmədov da bədxərcliyi ilə diqqət çəkib. Qiymətli hədiyyələr verməyi xoşlayan “Hafka”, bir neçə il öncə ondan müsahibə alan fransız jurnalistə bahalı saat verməsi ilə gündəmə gəlmişdi.

Hafiz Məmmədovun iflas etməsinin səbəbinə gəlincə, bunu daha çox onun zamanında mövcud şəraiti düzgün qiymətləndirməməsi ilə əlaqələndirirlər. “Hafka”nı batıran digər səbəblərdən biri də, düzgün şərik seçməməsi göstərilir. İddialara görə, H.Məmmədovun iflas etməsinə sabiq nəqliyyat naziri Ziya Məmmədovla şərikliyinin pozulmasının da böyük rolu var.

Hətta vəziyyət o yerə çatdı ki, “Hafka” məhkəməlik oldu, bir sıra mülkləri də əlindən alındı. Mərkəzi Bankın məhkəmə iddiasına səbəb isə vaxtilə “Bank of Azerbaijan”a ayrılmış kreditlərdir. Bu bank isə H.Məmmədovun ailə üzvlərinə məxsus idi. Üç fiziki səhmdardan ikisi - Kənan və Sənan Məmmədovlar işadamının övladları, Mübariz Məmmədov isə qardaşıdır.

Söhbət üç kredit müqaviləsi üzrə ümumilikdə 55 milyonluq kredit borcundan gedir. Bunun da 50 milyonu əsas borc, 5 milyonu faizlərdir. Bu kreditlər 2013-cü ilin aprel, iyun və iyul aylarında ayrılıb.

Müsadirə edilən mülklərin arasında “Ramada Hotel & Suites Baku” da var idi.

Vaxtilə bahalı həyat tərziylə tez-tez gündəmə gələn, İspaniyanın “Atletiko”, Fransanın “Lans” klublarına sponsor olması ilə diqqət çəkən “Hafka”, uzun müddətdir səssizliyə qapılıb.

İbrahim İbrahimov - “Hacı İbrahim Nehrəmli”

Vaxtilə "Avesta Concern"in rəhbəri olan İbrahim İbrahimov “Xəzər Adaları” layihəsi ilə tanınıb. Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhərin tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edib.

Onun bu sevdaya necə düşməsinə gəlincə, özü bu barədə belə bildirmişdi:

“2010-cu ildə Dubaydan Bakıya qayıdarkən Xəzər dənizində belə bir layihəni həyata keçirmək ideyası yarandı. Yeni layihəni beynimdə cızdım, kağıza köçürmək istədim. Amma qələmim olsa da, kağızım yox idi. Bu zaman bir köynək aldım və onun kartonunu çıxararaq, üzərində layihəni cızdım. Bu layihədə nə Osmanlı, nə də digər ölkələrə məxsus üslubdan istifadə olunub. Layihə sırf xalça formasındadır və 2010-cu ilin martın 15-dən həyata keçirilməyə başlayıb”.

Bahalı həyat tərzi, geyimləri, 14 min dollara ayaqqabı alması ilə diqqət çəkən Hacı İbrahim Nehrəmli, çox keçmədi ki, ölkə banklarına külli miqdarda borcu olması ilə gündəmə gəldi. Bu səbəbdən o, “Bandotdel” tərəfindən də saxlanılmışdı. Məlumata görə, iş adamı bütün əmlakını banka girov qoyduğu üçün sərbəst buraxılmışdı.

Keçmiş oliqarxın özü də borcu olduğunu təsdiqləmiş, borcun əsas məbləğinin 430 milyon manat olduğunu, faizlərlə bir yerdə 570 milyon manat təşkil etdiyini bildirmişdi:

“Dövlətə iki əmlak vermişik, biri “Xəzər Adaları”dır, digəri isə ticarət mərkəzi idi. Bununla da borcumu bağladılar və məsələ bitdi. İndi mənim dövlətə heç 1 manat da borcum yoxdur. Digər əmlaklarım özümə qaytarılıb. Banka 20 girov qoymuşdum, hamısı özümə qaytarılıb”.

Artıq iki ildən çoxdur ki, Hacı İbrahim Nehrəmli gündəmdə deyil. Halbuki 2020-ci ilə qədər “Xəzər Adaları”nda birinci mərhələ üzrə tikinti işləri başa çatmalı, satış başlamalı idi.

Mübariz Mənsimov

O, əslən Masallıdan olsa da, Bakıda doğulub. Mənsimov 2005-ci ildə "Xəzər Lənkəran" futbol klubunu yaratmaqla gündəmə gəlib. Klubun prezidenti Mübariz Mənsimovun qardaşı Mais Mənsimov təyin edilib, özü isə fəxri prezident olub. İş adamı həmin il Lənkəran təmsilçisi üçün dəyəri 10 milyon dollar dəyərində ölçülən stadion da inşa etdirmişdi.

Türkiyədə yaşayan Mənsimovun hazırda işlərinin qaydasında getmədiyi heç kimə sirr deyil.

Ötən ilin martında FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək saxlanılan iş adamının özü də məhkəmədə ifadəsində bunu təsdiqləmişdi:

“Mənim burada 10 ay qalmağım şirkətimi iflas durumuna gətirdi. “Palmali”nin iflasa uğraması türk markasının yox olması deməkdir. Mənim şirkətim dünyada 5-ci sırada gedən şirkətlərdən biri idi. Bu bir Türk markası idi. Mən bir an öncə işimin başına keçməliyəm”.

2018-ci ildə isə Rusiyanın Rostov əyalətinin Arbitraj məhkəməsi “Palmali” şirkətini müflis elan edib. Şirkət isə 2020-ci ilin mayında açıqlama yayaraq, “Palmali Holding” müflis elan edilməsiylə bağlı xəbərləri təkzib etmişdi.

Xatırladaq ki, FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək saxlanılan M. Mənsimovun bu ilin martında məhkəməsi keçirilmiş, o, 5 il müddətinə cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı. İş adamı iyunun 29-da İstanbuldan çıxmama şərtiylə ev həbsindən azad olunub.

Düzdür, Mənsimov həbsdən çıxdıqdan sonra işinin başına qayıdıb. "Palmali"nin əvvəlki gücünə qayıdıb-qayıtmayacağını isə zaman göstərəcək (qafqazinfo).

Emin Səfərov

Digər Xəbərlər
Xəbər Lenti