I Liqada çempionluq uğrunda mübarizə aparacaq MOİK ev oyunlarını Xankəndidə keçirə bilməyəcək.
Klub rəhbərliyi bir müddət öncə bu istəklə bağlı Azərbaycan Gənclər və İdman Nazirliyinə müraciət ünvanlamışdı.
Ki, ordu klubu olaraq rəqibləri yenidən qurulan Xankəndi şəhər stadionunda qəbul etsin. Arena nazirliyin balansında olduğundan, dövlət qurumundan müraciətə isti yanaşılmışdı.
Hətta Peşəkar Futbol Liqası ilə MOİK-in rəsmiləri Xankəndiyə səfər edərək vəziyyətlə yerində tanış olmuşdu.
Lakin bu gün məlum plan arzu olaraq qalmaqdadır. Çünki Xankəndidəki stadionda təmir-bərpa işləri davam edir.
Stadionun tam hazır olması müəyyən qədər vaxt aparacaq. Bu barədə dəqiq məlumat verilmir. Bu, 2 ay da davam edə bilər, 4 ay da.
Odur ki, “hərbçilər” ən yaxşı halda oktyabrın ayından etibarən I Liqadakı rəqiblərini Qarabağa səsləyə biləcək. Təbii ki, o vaxta qədər arena tam hazır olsa.
Ordu komandası o vaxta qədər ev oyunlarını Binə qəsəbə stadionunda keçirmək məcburiyyətində qalacaq.
HƏBİB / SPORTİNFO.AZ
