COP29

"Komandanı gücləndirmək üçün lazım olan bütün addımları atırıq"

28 Noyabr 2023 11:40 I Divizion 791
"Komandanı gücləndirmək üçün lazım olan bütün addımları atırıq"

"Bəzi mətbu orqanlarda komandamızı "qınayanlar", hətta bizi "qeyri-peşəkar" adlandıranlar var".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Difai"nin prezidenti Asəf Məlikov deyib.

Liqada ilk mövsümünü keçirən Ağsu təmsilçisinin rəhbəri kollektivin çıxışıyla bağlı iradlara münasibət bildirib:

"Maraqlı məqam odur ki, bu gün bizi tənqid atəşinə tutanlar öz yazılarında "Difai"nin keçən mövsümdəki silsilə qələbələrini qeyd edirlər.

Cənablar, keçən il də klubun rəhbəri mən idim. Bu gün komandanın zəif oyun sərgiləməsindən danışırlar.

Nəticə statitistikasına, ya oyuna? Bu gün futbolçularımızın aşağı səviyyəsindən "ağızdolusu" danışırlar.

Komandada hamı uşaq futbolundan başlamış oyunçulardır. Bu gün onlar bütün oyunu tempdə saxlaya bilmirlər.

Səbəb? Çünkü Vətənin dar günündə Amil, Hacı, Qurban, Samir, Bəhlul, Anar ön xətdə idilər.

Anarın futbol oynaması həyatı təhlükə daşıdığına görə onu inzibatçı təyin etdik. Təklifiniz nəticə üçün komandada bir qazinin də qalmamasıdır?

Deyirsiz ki, qələbə üçün hər şey mübahdır? Dığalara dərs tutmuş "Difai"dən söz açırlar.

İsti divanda oturub mülahizə yürütmək asandır. Cənab Prezident İlham Əliyevin sözünü xatırlatmaq istəyirəm: "Nəyin nə vaxt lazım olduğunu biz bilirik".

Çempionatda ilk dövrə hələ indi başa çatıb. Qarşıda bizi daha iki dövrə, başqa sözlə, 18 oyun gözləyir.

Komandamızın çıxışına obyektiv qiyməti gələn ilin mayında vermək olar. Birinci Liqanın ən gənc və təcrübəsiz iştirakçılarından biriyik.

Yeni işə başlamışıqsa, istər-istəməz səhvlər də olacaq. Heç kim bundan sığortalanmayıb.

Biz bir günün klubunu yaratmamışıq. "Difai" adını daşıyırıqsa, heç şübhəsiz, bu adın məsuliyyətini gözəl başa düşürük.

Yeni layihələr üzərində işləyirik. Cavidan Qorçiyev kimi dəyərli, II Qarabağ Müharibəsinin gedişində ordumuza əlindən gələni köməyi göstərmiş şəxslə bu yola çıxmışıq.

Biz öz niyyətimizdən dönən və geri çəkilən deyilik. Komandanı gücləndirmək üçün lazım olan bütün addımları atırıq.

Dünən səngərdə əsgər, bu gün meydanda "Difai"nin formasını geyinən qazi futbolçularımız vaxtından xeyli qabaq edilmiş tənqidləri oxuyanda çox pis olurlar.

Onların nə çəkdiyini, nə hisslər keçirdiklərini mən görürəm. Bütün jurnalistlərdən istəyimiz budur ki, belə məsələlərə bir qədər həssas yanaşsınlar".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"