«Kəpəz»lə qarşılaşmanı «Zirə»nin futbolçuları ciddiyə almadı bir o qədər.
Vurduqları erkən qol onları daha da arxayın saldı.
İlk dövrədəki oyunun və nəticənin təkrarlanaağına əminlik yaratdı bu qol. Necə rahatladılarsa, hesabın bərabərləşməsi, qonaqların daha sonra daha bir dəfə fərqlənməsi yerli komandanı şirin yuxudan oyatmadı.
Sanki belə də olmalı imiş. Topla rəftarda hüzurlu davranmadılar.
Meydanın mərkəzində və cərimə meydançasının həndəvərində ilişib qaldılar. Nə edəcəklərini, necə edəcəklərini bilmədilər, özlərini çox itirdilər.
Bu, tanımadığımız «Zirə» idi. Tanıdığımız «Zirə» yalnız əlavə vaxtda, son 6 dəqiqədə meydana döndü.
«Kəpəz»i öz qapısı ağzına «həbs etdilər» və korner vuruşu Ruan Renatonun dəqiqə baş zərbəsi endirməsiylə başa çatdı.
Kapitan bəzi oyunlarda olduğu kimi, yenə komandasını qurtardı və əsl liderlik keyfiyyətini sərgilədi.
«Zirə» bu dəqiqələrdə göstərdiyi tərpənişi, əzmkarlığı, hərəkətliliyi bir qədər öncəyə çəkə bilsəydi, belə gərgin anlar yaşamazdılar.
Əlbəttə, itirilən 2 xalın yeri «Zirə»ni hələ çox incidəcək, göynədəcək. Üçüncü yerə göz dikmiş komandanın irəli xətdə süst, müdafiə zonasında boş oyunu izahat istəyir.
Meydana çıxanların hər biri əilnə kağız və qələm götürməli, səbəbi orada yazmalıdır. «Biz niyə belə etdik» sualının cavabını tapmaq üçün.
MUSA

