
«Zirə» növbəti transfer çalışmasını yekunlaşdırıb.
Premyer Liqanın gümüş medalçısı bu gün yeni legionerlə anlaşıb.
Qəsəbə təmsilçisinin sıralarına qatdığı əcnəbi Basilio Ndonqdur.
O, Ekvatorial Qvineya yığmasının üzvüdür. Sol cinah müdafiəçisi mövqeyində çıxış edir və 26 yaşı var.
2016-cı ildən ölkəsinin əsas millisinə dəvət alan Ndonq son olaraq Rumıniyada forma geyinib. 2023-cü ildən bu yana «Krayova»da 40 matç keçirib.
Vətənində «Cano Sport»un yetirməsi sayılan cinah oyunçusu 2018-2020-ci illər aralığında Şimali Makedoniyada «Şkupi»nin şərəfini qoruyub.
Buradan Belçikaya yollanıb, iki il «Vesterlo»nun uğurları üçün tər töküb. Ardınca Norveçdə «Start»lə müqavilə bağlayıb.
«Qartallar» bu yay düşərgəsinə 6 oyunçu qatıb.
Bunlar Brahim Konate ("Şamaxı"), Yeqor Boqomolski ("Neftçi"), İsmayıl İbrahimli (Müqavilə ilə məxsus olduğu klubu "Qarabağ"), Rövlan Muradov ("Sumqayıt"), Vinsent Tilli ("Sabah") və Leroy Mikelsdir (Son klubu "Şamaxı").
SPORTİNFO.AZ