“Zirə”dəkilərin bundan xəbəri olsun!

14:40 Zirə 231
“Zirə”dəkilərin bundan xəbəri olsun!

Premyer Liqanın 3-cü turunun maraqlı qarşılaşmalarından biri Zirədə baş tutacaq.

Qəsəbə təmsilçisi doğma meydanda “Kəpəz”i qəbul edəcək.

Başqa vaxt olsaydı, bəlkə də oyunun prinsipiallığına və gərgin alınacağına ciddi şübhə ilə yanaşardıq. Lakin söhbət bu gündən gedirsə, vəziyyət kifayət qədər ciddidir.

Yayda ciddi dəyişikliklərə məruz qalan Gəncə komandası mövsümə ardıcıl iki məğlubiyyətlə başlayıb. Və ən dəhşətlisi, 180 dəqiqə ərzində öz qapısından 6 top buraxıb.

Mövcud durum nə klub rəhbərliyini qane edir, nə də azarkeşləri. Kollektivin qlobal dəyişikliyə məruz qalması, bir çox futbolçuların komandaya yeni qoşulması reallıq yox, bəhanə kimi qəbul olunur.

Ona qalsa, “Karvan”la “İmişli” demək olar sıfırdan formalaşıb. Və uzun illərdə sonra Premyer Liqaya qayıdıb. Bəs, onların turnir cədvəlindəki durumu niyə tərəfdarlarını sevindirir? Yevlaxlıların aktivində 4, imişlilərin hesabında 2 xal var. “Kəpəz”də bu göstərici 0-dır.

“Zirə”ylə oyun “sarı-göylər” üçün son şans kimi dəyərləndirilir. Növbəti yenilgi həm baş məşqçi Adil Şükürovun istefasına yol aça, həm də daxildəki ab-havanı bir qədər də gərginləşdirə bilər.

Bir də ki, Şükürov həm “Sumqayıt”, həm də “Qəbələ” məğlubiyyətlərindən sonra tribunaya yaxınlaşıb, azarkeşləri səbr etməyə çağırmış, növbəti oyunu işarə vermişdi. Artıq belə bir şans qalmayıb. Bundan sonra səbr etməyi məsləhət görmək odun üstünə yanacaq tökməyə bənzəyəcək.

“Zirə” hazır olsun! “Kəpəz” bu axşam meydanda ölüm-qalım mübarizəsi aparacaq. Bu, ya onları məlum vəziyyətdən çıxaracaq, ya da zirəlilərin xeyrinə işləyəcək.

Zirə İdman Kompleksinin meydanında baş tutacaq matç saat 18:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti