
“Zirə”nin büdcəsinin kiçilməsi medalın görünməyən üzüdür.
Bunun mediaya sızmaması birbaşa Rəşad Sadıqovun əməyidir.
Baş məşqçi nə iyunda, nə də «Hayduk»la oyundan sonra bu mövzuda bir kəlmə danışdı. Heç üstünü də vurmadı.
Duruşu və açıqlamaları ilə rəhbərliyinin yanında dayandı, anlayış göstərdi.
Bir dəfə ağzını açıb demədi ki, mən filan-filan mövqelərə transferlər istədim, almadılar. Desəydi, problemli mövzuya eyham vursaydı, yer-yerindən oynayacaq, böyük səs-küy qopacaqdı.
Oysa «Zirə»nin ümumi durumunu düzgün qiymətləndirdi, ailə birliyi nümayiş etdirdi, daxildəki narahatlığın kənara sızmasının qarşısını aldı.
Bütün bunların fonunda avrokuboklara ilkin mərhələdə vidadan təbii heç nə yoxdur. Hələ biz ona və komandasına təşəkkür etməliyik ki, «Hayduk»a layiqli müqavimət göstərdilər.
Dərd gələndə batmanla gəlir. Salifu Sumanın məcburi satışı, Rafael Utziqin intizamsızlığı bir yandan, Konatenin zədələnməsi, Mutsinzinin viza ala bilməməsi o yandan - bu qədər itki ilə üzləşmiş «Zirə»nin Xorvatiyada 10 nəfərlə qalması…
Yəni, bir belə bəla, sıxıntı…
Aprel-may aylarının «Zirə»si iyulun «Zirə»sindən birbaş üstündür. O «Zirə» bu «Hayduk»u xalçanın altına süpürərdi.
Həmin vaxt heyət də bundan güclü idi, maliyyə sıxıntıları da bu dərəcədə hiss olunmurdu. Gəl, gəl, belə yerdə bütün sıxıntılar üst-üstə düşsün, qloballaşsın.
Bütün bunlara dözmək, tövrü qorumaq, əzmkarlıq göstərmək, cütün taleyini əlavə vaxta daşımaq ərənlikdir.
Rəşad Sadıqovun Splitdə dediklərinə qatılıram - gerçəkdən də «Hayduk»la qəhrəmancasına döyüşdülər! Nəticə əleyhlərinə olsa da.
ELNUR