
«Zirə»də maddi sıxıntıları mövcuddur.
Bu, bu gün və ya dünən yaranan problem deyil.
Çətinliklər aylar öncə başlayıb.
Salifu Sumanı xilaskar saya bilərik - 2025/26-cı il mövsümünü qurtardı. Qvineyalı vingerin satışından əldə olunan pul «Zirə» üçün hava-su kimi vacib idi.
1,4 milyon avroya yaxın vəsaitin büdcəyə daxil olmasıyla klub sezonu qurtaracaq.
«Zirə» bəzi sponsorlardan gözlədiyi, umduğu cavabı ala bilməyib. Onlar tərəfindən «xəzinə»yə köçürüləcək məbləğin ümumi miqdarı xeyli azalıb.
Belə deyək, gələn mövsümlə əlaqəli proqnozlar üst-üstə düşməyib.
İşdir, «Malmö» afrikalı legioneri bu yay almasaydı, Premyer Liqanın gümüş medalçısı qarşıdakı aylarda həyacanlı günlər yaşayacaq, böyük ehtimalla, mövcud futbolçu və işçi heyətinin əməkhaqlarını ödəyə bilməyəcəkdi.
«Qartallar» yay «transfer pəncərəsi»nin geridə qalan iki ayında ölkə xaricinə boylanmayan yeganə elita mənsubudur.
Brahim Konateni "Şamaxı"dan, Yeqor Boqomolskini "Neftçi"dən, İsmayıl İbrahimlini "Qarabağ"dan, Rövlan Muradovu "Sumqayıt"dan, Vinsent Tili "Sabah"dan götürdülər.
Heç biri ölkə çapında bahalı sayılmır. Konateyə 14 min dollar maaş verəcəklər, digərlərinin məvacibi bundan da qat-qat aşağı olacaq.
Deyəsən, qarşıdakı günlərdə «Zirə»dən yeni transfer xəbərləri də almayacaq. Bir nəfər gələr, ya gəlməz. Çün büdcənin «boyu qısalıb», əldəki imkanlar zəifləyib.
Belə vəziyyətdə Rəşad Sadıqovun halına yanmayasan, neyləyəsən. İçi özünü, çölü özgələrini yandırır.
Bəlkə də biriləri fikirləşir ki, Sadıqov burada yağ-bal içində üzür, amma heyhat, qətiyyən belə deyil! İndi o, qəpiyə güllə atır.
Əvvəl yüz ölçüb, bir biçirdisə, bu gün min ölçüb, yüz biçir. Vəziyyət gerçəkdən kritikdir.
MUSA