Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Avropa Liqasında qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilməyib.
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında yığma üzvü Roman Qurski deyib.
O, komandanın çıxışını və buraxılan səhvləri izah edib:
"Hesab edirəm ki, çıxışımız qeyri-qənaətbəxş oldu. Çünki qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilmədik. Müəyyən setlərdə qalib gələ biləcəyimiz halda rəqibi sona qədər sıxmağı bacarmadıq. Məşqçilər korpusunun qarşımıza qoyduğu tapşırıqların öhdəsindən gəlmək mümkün olmadı".
Voleybolçu heyətdə xeyli sayda gənc oyunçunun yer aldığını sözlərinə əlavə edib:
"Hər bir oyunçuya müəyyən şans verildi. Kimisi bundan yararlana bildi, kimisi isə yox. Yeni məşqçi öz voleybol üslubunu, nizam-intizamını aşılayır. Bu ruhda davam etsək, zamanla qələbələr və yaxşı nəticələr gələcək. Sadəcə, bütün oyunçular klublarda səylə işləməyə davam etməli, sonra isə eyni əzmlə yığmada çalışmalıdı".
Boris Qrebennikovun baş məşqçi olduğu komanda Yunanıstan, İsveç, Rumıniya və İspaniyaya 0:3, Portuqaliya və Macarıstana isə 1:3 hesabı ilə məğlub olaraq Avropa Liqasını qələbəsiz başa vurub.

