Voleybolçu qadınlar arasında Avropa çempionatında yarımfinal mərhələsinə start verilib. Sportinfo.az xəbər verir ki, finala vəsiqə uğrunda ilk görüş Azərbaycan və Hollandiya yığmaları arasında keçirilib.
Bakıdakı Milli Gimnastika Arenasında təşkil olunmuş qarşılaşmanın ilk setini meydan sahibləri üstün başa vurublar. Lakin sonrakı iki setdə Hollandiya yığması daha üstün təsir bağışlayaraq, qələbə qazanıb. Dördüncü setdə Azərbaycan millisi yüksək əzmkarlıq hesabına setlərdə qələbə nisbətini bərabərləşdirib.
"Tay-breyk"də isə yenə Hollandiya üstün olaraq, qələbəyə nail olub - 3:2. Bununla da "narıncılar" ardıcıl ikinci dəfə Avropa çempionatının finalına yüksəliblər. Azərbaycan isə 12 ildən sonra yenə yarımfinalda uduzub.
Azərbaycan - Hollandiya - 2:3 (25:20, 19:25, 19:25, 27:25, 12:15)
Hakimlər: Vladimir Oleynik (Rusiya), Onur Hoşnut (Türkiyə)

