Almaniyanın qadın voleybolçulardan ibarət millisinin baş məşqçisi Feliks Kozlovski futboldan danışıb. Sportinfo.az xəbər verir ki, Polşa əsilli 33 yaşlı çalışdırıcı oktyabrın 8-də Kayzerslauterndə baş tutacaq Almaniya - Azərbaycan oyunundan danışıb:
"Bəli, futbolla maraqlanıram. Düşünürəm ki, oktyabrdakı oyunda Almaniya millisi qalib gələcək. Hesabın necə nəticələnəcəyini deyə bilmərəm. Çünki Azərbaycan millisinin oyunlarına baxmamışam və onların hansı səviyyədə olduğunu bilmirəm. Yəqin ki, voleyboldakı qisasımızı alarlar. Voleybolda durum fərqlidir. Burda qadınlardan ibarət Azərbaycan millisi güclüdü və dünya səviyyəli oyunçularınız var".
Avropa çempionatında Azərbaycan millisi Almaniyanı qrupda 3:1, 1/4 finalda 3:0 məğlub edib. Kozlovski məğlubiyyət haqda bunları deyib: "İlk setdə bacardığımızın maksimumunu nümayiş etdirdik. Ancaq bundan artığına gücümüz çatmadı. Komandam yaxşı oynadı. Di gəl ki, Polina Rəhimovanın qarşısını ala bilmədik.
Heyətimizdəki voleybolçuların əksəriyyəti gəncdir və fiziki göstəriciləri sizin oyunçularla müqayisə oluna bilməz. Polina və Natalya Məmmədovanın boyu 2 metrə yaxındır. Belə oyunçuları olan komandaya müqavimət göstərmək çətindir. Bizim üçün yaxşı təcrübə oldu.
Təşkilatçılıq çox yaxşıdı. Qaldığımız otel də, oyunların keçirildiyi kompleks də, nəqliyyat da ürəyimizcədir. Bu dəfə şəhəri gəzmək imkanım olmadı. Ancaq Bakının videogörüntülərinə baxmışam. Çox gözəl şəhəriniz var. Hollandiyanın da ucaboy voleybolçuları var. Sabahki oyun maraqlı mübarizə şəraitində keçəcək".

