Millimizin ən bəstəboy üzvü dedi: “Heç yerim əsmirdi”

26 Sentyabr 2017 15:00 Voleybol 836
Millimizin ən bəstəboy üzvü dedi: “Heç yerim əsmirdi”

Şəfaqət Həbibova. Qadın voleybolçulardan ibarət yığmamızın ən bəstəboy oyunçularından biri. Boyda ona ancaq liberolarımız uduzur. Şəfaqət daim kölgədədi. Ancaq setlərin, matçların, həlledici xalların qənimidi bu voleybolçu.

Gülərüz, zarafatcıl, bir qədər də təvazökar gənc. Ancaq ən təhlükəli, ən həlledici məqamlarda Faiq Qarayev servisləri yerinə yetirmək üçün məhz ona güvənir. Gəlir, rəqiblərinin üzərinə “zəhər”ini tökür və yenə də kölgəyə çəkilir.

Millimiz isə yenə və yenə də Şəfaqət əllərindən gələnin şəfanı tapır. O, Almaniyaya 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportinfo.az həmin müsahibəni təqdim edir:

3 oyuna 3 qələbə. Belə uğurlu startı gözləyirdiniz?

- Bu oyunlara çox hazırlaşmışdıq. Sloveniyadan bəri bizim yoldaşlıq oyunlarımız, İtaliyada bu yığma ilə sınaq matçlarımız qrup mərhələsindəki bu 3 qarşılaşmada nəticəsini göstərdi. İnşallah, bundan sonra da qələbələri sıralayıb finaladək yüksələrik. Buna ümid edirik.

İlk turda Macarıstanla oyunda birinci set faciəvi gedirdi və əvəzetmə oldu. Həlledici anda meydançaya çıxdın. Futbolda bu anda ayaqlar əsir. Voleybolda hara əsir?

- (gülür) Sözün düzünü desəm, heç yerim əsmirdi. Məni o dəqiqəyə əvvəldən baş məşqçimiz Faiq Qarayev hazırlayır və buraxır. Orda həyəcanlanmaq məndə olmamışdı.

Ümumiyyətlə, Faiq müəllim həmin anda sənə nə dedi? Çünki gözlənilməz nəticə gedirdi...

- Dedi ki, riskə get. Məşqdə necə ötürmə verirsənsə, o cürə topu oyuna daxil et.

Topun kimə atacağını baş məşqçi seçir, yoxsa özün müəyəynləşdirirsən?

- Baş məşqçi. Əgər başı qarışıq olarsa, onda ikinci məşqçi və ya bu da olmasa öz bildiyim kimi.

Bu 3 oyunda etdiyin servislərdən razı qalmısan?

- Almaniya ilə oyunda birinci və ikinci setdəkilərdən yox.

Məşqçiniz Famil Ağayev bizə bildirdi ki, 1/4 finalda rəqib kimi Almaniya görmək istəyir. Bəs sənin fikrincə. Almaniya, yoxsa Bolqarıstan bizim üçün daha münasib rəqib olar?

Məncə, Almaniya daha münasib olar. Qrup oyunlarına baxsaq, Bolqarıstan bütün komandalarla 5 set oynayıb. Ancaq bizim üçün zəif rəqib yoxdu. Almanlar da bizim üçün güclü rəqibdi. boqlarlar da.

Ancaq onu da nəzərə alaq ki, boqlarlar artıq 15 set oynayıb və yorulmaq bilməyəcəklər...

- (gülür) Belə davam edə bilməz. Əlbəttə ki, yorulacaqlar. Hması da hər şey eyni səviyyədə getmir axı.

İki gün dincəlmək isə sizin xeyrinizə olacaq.

- Dincəlib gücümüzü toplayıb, inşallah, o biri komandalara da gücümüzü göstərəcəyik.

Yekun hədəf nədi?

Əlbəttə, yarımfiana və final çıxmaq, medal qazanmaq. Yığmamız 2005-ci ildə Avropa çempionatında 4-cü olub. İnşallah, bu dəfə ilk üçlüyə düşüb mükafatçı olmaq istəyirik.

Bəs yarışın əsas favoriti kimi görürsən? Türkiyəni görürdünüz, ancaq güclə qrupdan çıxdılar...

- Onlara nəsə olub (gülür).

Maraqlıdı, digər oyunlara baxırsınız?

- ƏIbəttə.

Sizinlə yolu kəsişməyən komandaları da izləyirsiz?

- Yox. Teıeviziya ilə ümumi izləyirik. Ancaq bizə rəqib olacaq komanadar üçün ayrıca 1 saat videotəhlil olur.

Nəhayət, əsas favoriti öyrənə bilərik. Suala cavab vermədin...

- Favorit elə biz özümüz.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti