Türkiyəyə yollanan direktor: "Heç vaxt nəticə arxasınca düşməyəcəyik"

27 Mart 2022 14:00 Türkiyə 637
Türkiyəyə yollanan direktor: "Heç vaxt nəticə arxasınca düşməyəcəyik"

Daha əvvəl bildirdiyimiz kimi, Türkiyənin "Altınordu" futbol akademiyası və European Football Academy (EFA) arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

Yaxın günlərdə baş tutacaq görüşlə bağlı EFA-nı təmsil edəcək işçi qrupu İzmir şəhərinə yollanıb.

EFA-nın direktoru Vüsal Mustafayev Sportinfo.az-a bunları söyləyib:

"Artıq uzun müddətdir EFA kollektivi olaraq çıxdığmız yolun ən önəmli vaxtını yaşayırıq. İlk gündən əsas məqsədimiz Avropaya üz tutmaq, inkişaf yoluna çıxmaq olub.

Yarandığımız gündən etibarən, yəni 5 ildən artıqdır ki, 20-dən çox xarici ölkədə təşkil olunmuş müxtəlif yaş qrupları üzrə turnirlərdə ölkəmizi uğurla təmsil etmişik.

Akademiyamızın məqsədi uşaq futbolunda nəticə qazanmaq olmayıb. Tam əminliklə qeyd edirəm ki, heç vaxt nəticə arxasınca düşməyəcəyik.

Biz nəticəni hər bir bacarıqlı yetirməmizin Avropanın aparıcı futbol klubunda oynamağında görürük.

EFA-nın aşağı yaş qruplarında 6, U-15 milli komandada 3, U-16-da isə 2 oyunçu ilə təmsil olunmağı bizim üçün çox sevindirici haldır. Ürəkdən inanıram ki, növbəti yığmaların növbəti toplanışlarında bu say daha da artacaq.

Məramımız ilk növbədə məşqci heyətinin yüksək səviyyədə maarifləndirilməsi, onların həm ölkədaxili (kurslar, ali məktəblər və s.), həm də xarici ölkələrdə təcrübə kecmələridir.

Belə ki, savadlı və təcrübəli məşqcilərlə Avropa səviyyəsində futbolçular yetişdirməyin mümkün olduğuna inanıram.

Yüksək səviyyədə əməkdaşlığımızın nəticəsi olaraq, Türkiyənin aparıcı futbol akademiyalarından sayılan "Altınordu" FK rəhbərliyi tərəfindən dəvət almışıq.

Bir həftə müddətində rəhbərlik, inzibati işçilər və məşqci heyəti olaraq bir sıra görüşlərimiz, həmçinin müxtəlif yaş qruplarının məşq proseslərinin izlənməsi nəzərdə tutulur".

Digər Xəbərlər
Xəbər Lenti