“Qarabağ”da məşhurlaşan hücumçular Türkiyədə “qan edir”

12 Noyabr 2021 22:20 Türkiyə 2 598
“Qarabağ”da məşhurlaşan hücumçular Türkiyədə “qan edir”

“Qarabağ”ın sabiq legionerləri Türkiyədə adından söz etdirir.

Əslində, onlardan biri faktiki ağdamlıların futbolçusudur.

Söhbət vaxtilə ölkəmizdə çıxış etmiş Dino Ndlovu ilə icarə əsasında “Ankaragücü”nün şərəfini qoruyan Ovusu Kvabenadan gedir.

Yayda Çini tərk edən Dinonun “Qarabağ”a qayıdacağı haqda xəbərlər dolaşsa da, 31 yaşlı hücumçu Türkiyənin Birinci Liqasında mübarizə aparan “Kocaelispor”u seçmişdi.

Komandaya qoşulduğu ilk həftələrdə fiziki durumunun ideal olmaması Ndlovunun çıxışına təsirsiz ötüşməmişdi. Lakin tədricən özünə gəlməsi qolları sıralaması ilə nəticələndi.

Çempionatda 11 oyunda forma geyinən təcrübəli futbolçu vurduğu qolla Birinci Liqanın ən sərrast futbolçusudur.

Türkiyə mətbuatında yazılanlara inansaq, onunla Super Liqanın bir neçə klubu yaxından maraqlanır. Həmkarlarımız Dinonun qardaş ölkədə illik 40 min avro maaş aldığını iddia edir.

2020-cu ilin yanvarında “Kordoba”dan “Qarabağ”a transfer olunan Ovusu Kvabena ilyarımlıq Azərbaycan karyerasından sonra yayda “Ankaragücü”nə icarəyə verilmişdi.

Qanalı hücumçunun şərəfini qoruduğu paytaxt təmsilçisi hazırda Birinci Liqanın lideridir. İnsaf naminə, Kvabenanın işlərinin pis getmədiyini deməliyik. Düzdür, əsas heyət üzvü sayılmır, amma şans qazandığı görüşlərdə adından söz etdirməyi bacarıb.

O, çempionatda meydana çıxdığı 6 qarşılaşmada rəqib qapılarına 3 dəfə yol tapmağı bacarıb. Ölkə kubokunda şans qazandığı 1 oyunda isə 1 qol vurmaqla yadda qalıb.

“Ankaraspor”da Ovusunun da yer aldığı hücum xətində ciddi rəqabətin olduğunu deməliyik. Eren Derdiyok kimi “vuran ayaq” və ABŞ-lı Qboli Ariybi baş məşqçi Necati Erkmenin etimadını daha çox qazanırlar.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti