Türkiyədə hamı on(lar)dan danışır – Qardaş ölkədə Azərbaycan rüzgarı əsir

29 Oktyabr 2021 17:20 Türkiyə 2 450
Türkiyədə hamı on(lar)dan danışır – Qardaş ölkədə Azərbaycan rüzgarı əsir

Bir müddət öncə azərbaycanlı futbolçuların legioner həyatı yaşamamasından gileylənirdiksə, artıq bu narahatlıq müəyyən mənada həllini tapıb.

Millinin şərəfini qoruyan futbolçular arasında Portuqaliya, Polşa, Ukrayna, Türkiyə kimi aparıcı ölkələrdə top dalınca qaçanlar var.

Düzdür, heç də hamısı yüksək dəstədə oynamır. Amma “buna da şükür” deyib, oyunlarını və uğurlarını izləməkdə davam edirik.

Türkiyənin Birinci Liqasında əslən iki həmyerlimizi izləsək də, hansısa mənada Azərbaycana bağlılığı olanların sayı 8-dir. Yazıda onlardan söz açacağıq.

Namiq Ələsgərov
Yayda qalmaqallı şəkildə “Neftçi”dən ayrılaraq “Bursaspor”la müqavilə bağalayan yığma üzvü komandanın aparıcı simalarından hesab olunur. Çempionatın əvvəlində bir neçə oyunu buraxsa da, artıq “11-liy”in daimi üzvüdür. Cari mövsümdə 6 oyunun iştirakçısı olan “7 nömrə” 409 dəqiqə meydanda olmaqla 1 qola imzasını yazdırıb.

Vüsal İsgəndərli
Namiqlə müqayisədə Türkiyəyə tez yollanmışdı və bu fakt daha çox oynamasına şərait yaratdı. Vüsal “Ankara Keçiörengücü”nün heyətində ən çox oyun keçirən və ən çox qol vuran üç futbolçudan biridir. 9 matçın iştirakçısı olan həmyerlimiz meydanda 569 dəqiqə vaxt keçirib. Və bu müddət ərzində 2 qol vurmağa müvəffəq olub. Komanda yoldaşları arasında hələ ki, oyun və qol sayında ondan artığını edən yoxdur.

Taşkın İlter
Vaxtilə Azərbaycanın U-19, U-21 və əsas millilərinin şərəfini qorumuş bu futbolçu Berlində doğulan əslən türkdür. Lakin internet qaynaqlarında milliyəti azərbaycanlı kimi göstərilib. Taşkın hazırda 20 xal toplayaraq liderdən cəmi 4 xal geri qalan “Eyüpspor”un uğurları üçün tər tökür. Cari mövsümdə 7 oyunun iştirakçısı olmaqla meydanda 407 dəqiqə vaxt keçirib. Bu müddət rəqib qapılarının torunu 2 dəfə silkələyib.

Timur Temeltaş
O da Kölndə doğulan türkəsilli almandır. Lakin milliyəti azərbaycanlı kimi göstərilib. Səbəb 2015-ci ildə Azərbaycanın 21 yaşlılardan ibarət yığmasında 1 oyuna çıxmasıdır. Timur “Eyüpspor”da Taşkınla çiyin-çiyinə çıxış edir. Lakin komanda yoldaşına nisbətən meydanda daha çox vaxt keçirib. Cari mövsümdə 8 qarşılaşmanın həyəcanını hiss edən 29 yaşlı yarımmüdafiəçi ümumilikdə 571 dəqiqə tər töküb. Namiqli “Bursaspor”un qapısına vurulan 2 qoldan 1-nə imza atıb.

Ufuk Budak
Ölkəmizin əsas millisində 16 oyunun iştirakçısı olan solaxay müdafiəçi Berti Foqtsun sevimli futbolçularından hesab olunurdu.
İnamlı oyunu ilə Super Liqa komandalarının heyətində elita həyəcanını hiss etməyə imkan tapmışdı. Lakin ardıcıl zədələr karyerasının yüksəlməsinin qarşısını aldı. İndi Super Liqaya vəsiqə qazanmaq arzusunda olan “Erzurumspor”un formasını geyinir. 5 oyunda forma geyinən 31 yaşlı futbolçu 367 dəqiqə top dalınca qaçıb.

Tayyip Ebrar Cumur
Narahat olmayın, bu ad-soyadın qarşısında Azərbaycan bayrağını görəndə, özümüz də təəccübləndik. Hər nə qədər qəribə görünsə də, milliyəti azərbaycanlı kimi göstərilib, 1999-cu ildə Trabzonda anadan olduğu bildirilib. 2017-ci ildə Tayyipin milliləşdirilməsi söhbəti gündəmə gələndə, AFFA bunu təkzib etmişdi. Cumur “Trabzonspor”un gənclər komandasına qədər yüksəlsə də, ötən ildən “İstanbulspor”un uğurları üçün tər tökür. Lakin cari mövsümdə heç bir oyunun iştirakçısı olmayıb.

Dino Ndlovu
“Qarabağ” azarkeşlərinin hələ də unuda bilmədiyi cüssəli forvard artıq Türkiyənin Birinci Liqasında sözünü deyir. 3 illik Çin karyerasının ardından yayda “Kocaelispor”la anlaşan 31 yaşlı forvard qısa müddətdə nəyə qadir olduğunu göstərməyi bacarıb. 9 matçda 463 dəqiqə forma tərlədən Ndlovu rəqib qapılarına 7 dəfə yol tapmağı bacarıb. Bir dəfə het-trik edib, bir dəfə dublla yadda qalıb, digər 2 qolu ayrı-ayrı oyunlarda vurub. Sabiq “Qalatasaray”lı Eren Derdiyokla birgə bombardirlər sıyahısına başçılıq edir.

Ovusu Kvabena
Ötən ilin bu günündə “Qarabağ”ın heyətində “Vilyareal”ın qapısına vurduğu qolla alqışları haqq edən qanalı futbolçu hazırda icarə əsasında “Ankaragücü”nün şərəfini qoruyur. Mövsümə əsas heyət üzvü kimi qolla başlayan Ovusu sonradan “susdu”. Çempionatda 4 oyunda meydanda cəmi 157 dəqiqə vaxt keçirən 24 yaşlı yarımmüdafiəçi 2 qol vurub. “Somaspor”la 3 gün öncəki kubok qarşılaşmasında isə, 90 dəqiqə oynayıb 1 qol vurmağa nail oldu. Şərəfini qoruduğu “Ankaraspor” kifayət qədər güclü heyətə sahibdir və hazırda 24 xalla “Ümraniyespor”la birgə turnir cədvəlinə başçılıq edir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti