Türkiyə millisinin Bakı üçün hazırlıq planı açıqlandı - AVRO-2020

15 Aprel 2021 11:00 Türkiyə 611
Türkiyə millisinin Bakı üçün hazırlıq planı açıqlandı - AVRO-2020

Türkiyə millisinin Avropa çempionatı üçün hazırlıq proqramı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Şenol Güneş "Sabah" qəzetinə müsahibəsində bildirib.

69 yaşlı mütəxəssis 18-19 mayda liqalarda çıxışlarını başa vuran oyunçularla toplaşacaqlarını söyləyib:

"Digər oyunçular bizə 3-4 gün sonra qoşulacaqlar. Planlarımızı bir mövsüm əvvəl qurmuşuq. Hazırlıq prosesi, təşkilati işləri və yoldaşlıq matçlarını pandemiyadan əvvəl müəyyənləşdirmişik.

Mövsüm başa çatandan sonra futbolçuların tətil istəyi də olacaq. Sıx oyun qrafiki, pandemiyanın gətirdiyi çətinliklərlə baş tutan liqadan sonra istirahət etməyə ehtiyacları var. Bu, fiziki və zehni istirahət olacaq".

Təcrübəli baş məşqçi futbolçuların ailələrinin də toplanışa qatıla biləcəyini istisna etməyib: "Təbii ki, burada pandemiya şərtləri önəmli rol oynayacaq.

Hazırlığın əsas hissəsi yoldaşlıq görüşləri ilə başlayacaq. Mayın 27-də və 30-da oyunlarımız var. İyunun 2-də Almaniyaya toplanışa gedəcək, iyunun 10-da isə İtaliyaya yollanacağıq.

Daha sonra Azərbaycana gedib, orada iki görüşə çıxacağıq. Pandemiya səbəbindən bəzi şeylər və matçların yeri dəyişə bilər".

Güneş son matçlardakı koronavirus hallarından narahatlıq hiss etdiyini də vurğulayıb. O, AVRO-2020-dən əvvəl zədələrdən və yeni yoluxmaların aşkarlanmasından ehtiyatlandığını sözlərinə əlavə edib.

2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Türkiyə İtaliya, İsveçrə və Uelslə birlikdə A qrupunda mübarizə aparacaq. Bakı Olimpiya Stadionu qrupun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Turnirin açılış matçı iyunun 11-də Romada İtaliya və Türkiyə milliləri arasında gerçəkləşəcək. Türkiyə yığması Azərbaycanla yoldaşlıq görüşünü mayın 27-də Alanya şəhərində keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti