
Son illərdə İsrail çempionatından Azərbaycan Premyer Liqasına futbolçu axını yaşanmaqdadır.
Siyahıda yer alanlar təkcə israillilər deyil. Aralarında Monteneqro, Nigeriya, Braziliya kimi ölkələri təmsil edənlər var.
Maraqlıdır, Azərbaycan birinciliyi İsrail çempionatından güclüdür? Belə deyilsə, “körpü”nün işə düşməsinin səbəbi nədir?
“Səbail”in İsraildən olan yarımmüdafiəçisi Gitay Sofir Sportinfo.az-a bu barədə danışıb:
“Premyer Liqanın səviyyəsi çox yüksəkdir. Açığı, belə olacağını gözləmirdim.
Oynanılan futbolun səviyyəsindən və rəqabətdən tam məmnunam. Ona görə də özümü Azərbaycanda xoşbəxt hiss edirəm.
İsrail çempionatının səviyyəsi bir az üstündür. Bu da imkanlı klubların çoxluğu ilə əlaqədardır.
Azərbaycanda bu mənada daha çox “Qarabağ”, “Neftçi”, “Sabah”, “Zirə” fərqlənir. Adini çəkdiyim komandaları götürsək, səviyyə eyni olar.
O ki qaldı İsrail çempionatından Azərbaycana çox sayda futbolçuların gəlməsinə, yəqin ki, bu, Premyer Liqanın yüksək imicə sahib olmasına görədir. Bir neçəsi gəlib vəziyyəti görəndən sonra digərlərində də maraq yaranır”.
Sofir cari mövsümdə “Səbail”in heyətində meydana çıxdığı 27 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB