«Səbail»in qələbəsizlik seriyası 10 tura çatdı.
Aftandil Hacıyev bu həftələr ərzində cəmi 2 heç-heçəyə sevinə bilib.
Komandasının bundan artığına gücü çatmayıb. Necə çatsın, aylardır bir ovuc futbolçunun ümidinə qalıb. Onlardan da neçəsi hər turdan sonra gah zədələnir, gah cəzalanır.
Prezidentsiz klubun baş məşqçisi olmaq zillətdir. Aftandil Hacıyev atıb gedə bilmir, çün işsiz qalacaq. AFFA, onsuz da, onu yola salmiaq üçün hər yola baş vurub, nail olmayıb.
Öz xoşu ilə ərizə yazıb getsə, uzun müddət boş-bekar gəzəcək. Yuxarı baxır, saqqaldır, aşağı baxır, saqqal.
Belə-belə öz «kisə»sindən yeməyə, imajını xərcləməyə məcburdur.
«Neftçi»yə məğlubiyyət qəbahət deyil, üzülməyə dəyməz. Nəticəni bir kənara qoysaq, sözsüz, Hacıyevi dilxor edən buraxılan ilk qolda yol verilən kobud səhvdir.
Nikolas Raysel qapı önündə yersiz fint etmək fikrinə düşməklə, yoldaşlarının 73 dəqiqəlik müqavimət ruhunu göydən yerə çırpdı.
Maksimum 1 xal qazanmağı hədəfləyən qonaqları fransız hücumçu «yıxdı» desək, o da bizimlə razılaşar.
Axı nə qədər demək olar, radikal qərar qəbul edilməlidir. Uduzmaq uduzmaqdır da, qoy gənclər oynasın və uduzsun.
Hacıyev daha nəyi gözləyir: qanqallığın ortasında gül-çiçəyin bitməsini? Bu, heç nağıllar aləmində də baş vermir.
Bir az realist və uzaqgbrən olmaq lazımdır, sadəcə.
KAMİL

