"Sabah"ı Tsetsadze çalışdıra bilər

27 Sentyabr 2019 13:57 Sabah 812
"Sabah"ı Tsetsadze çalışdıra bilər

"Sabah" Elşad Əhmədovun istefasından sonra müvəqqəti olaraq baş məşqçi postunu İqor Ponomaryova tapşırdı. Klubun Müşahidə Şurasının üzvü olan Olimpiya çempionunun bu vəzifədə çox qalmayacağı hər kəsə bəllidir. Artıq rəhbərlik bir çox əcnəbi mütəxəssislərlə danışıqlara başlayıb. Türkiyə mətbuatında son olaraq "Adana Dəmirspor"da işləyən Ümit Özatın "Sabah"ı çalışdıracağı yazılsa da, Sportinfo.az-ın əldə etdiyi məlumata görə, bu, inandırıcı deyil.

Özat variantını sadəcə, azərbaycanlı menecerlər gündəmə gətiriblər. "Sabah" rəsmiləri türkiyəli mütəxəssisin gəlişinə elə də isti baxmırlar.

Özatdan başqa, Gürcüstanın 21 yaşlılardan ibarət milli komandasını çalışdıran Georgi Tsetsadze də paytaxt klubuna təklif olunan məşqçilərdəndir. Bu yaxınlarda Azərbaycan (U-21) - Gürcüstan (U-21) oyunu (0:3) üçün Bakıya gəlmiş 45 yaşlı məşqçi bizim azarkeşlərə kifayət qədər tanış simadır. Onun vaxtilə rəhbərlik etdiyi "Samtredia" avrokuboklarda həm "Qəbələ"yə, həm də "Qarabağ"a uduzub, özü də biabırçı hesablarla. Ağdam klubu "Samtredia"nı hər iki oyunda məğlub etmişdi - 5:0 və 1:0. "Qəbələ" də iki oyunun nəticəsinə görə rəqibindən üstün olmuşdu - 5:1, 0:1.

Tsetzadze 2015-ci ildə Gürcüstan milli komandasında Kaxaber Tsxadadzenin köməkçisi olub. Gürcü həmkarlarımızın dediyinə görə, onun qısa vaxt ərzində karyerasındakı yüksəliş yaxşı əlaqələrə malik olmasından irəli gəlir.

Tsetzadze "Samtredia"dan başqa, Gürcüstanın U-17 yığmasında, "Dila" və "Lokomotiv" klublarında da işləyib. Onun rəhbərliyi altında Gürcüstanın U-19 komandası 2013-cü ildə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Qarşısına bu il avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyan "Sabah" üçün Tsetzadze elə də uğurlu variant deyil. Klub karyerasında ciddi uğurları olmayan məşqçi Azərbaycan çempionatında nə edə bilər ki?

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı