Sabahın xeyir, "Sabah"!

22 Sentyabr 2019 13:36 Sabah 1 214
Sabahın xeyir, "Sabah"!

Çempionatın büdcəsinə görə 3-cü komandası "Sabah" dünən yenə uduzdu. Özü də imkanlarına görə Premyer Liqanın ən zəifi olan "Sumqayıt"a. Hazırda Mikayıl Cabbarovun kurasiyasında olan klub 5 oyundan sonra 2 xalla turnir cədvəlində sonuncu - 8-ci yeri tutur. Hətta baş məşqçi Elşad Əhmədovun klub prezidentinin müşaviri təyin olunması da "Sabah"a ilk qələbəni gətirmədi. Əslində Əhmədovun məşqçidən müşavirə çevirilməsi də bir ayrı aləmdir. Deməli, adam ümidləri doğrultmur, səhv etdiyini etiraf edir, komanda sonuncu yerdədir, amma rəhbərlik deyir ki, "getmə gözümdən, gedərəm özümdən. Elşad müəllim sizin, dəyərli məsləhətlərinizə ehtiyacımız var".

"Sumqayıt"la oyundan sonra baş məşqçi funksiyasını yerinə yetirəcək İqor Ponomaryovun dünən yəqin ki, canına qorxu düşdü. Hər halda hiss olunur ki, komanda oynamır, futbolçular həvəssizdirlər. Halbuki “Sabah”ın heyəti hazırda ən yaxşılardan biridir. Düzdür, legionerlərlə bağlı idarəçilərin müəyyən səhvlərə yol verdiyini demək olar. Mövsümlərarası dövrdə iki qapıçı transfer edən komandada “1 nömrə” Saşa Stamenkoviçdir. Dmitri Bezruk “Keşlə” ilə matçda buraxdığı səhvlərdən sonra ehtiyat oyunçular skamyasına göndərildi. Ukraynadan gəlmiş digər qolkiper Oleq Karnaux isə “Sabah-2”nin heyətində I divizionun son turunda meydana çıxıb. Halbuki əvəzedici heyətdə Hüseynəli Quliyev kimi gənc qapıçı var.

“Sabah” hərdən mənə Hafiz Məmmədovun “Bakı”sını xatırladır. “Atletiko” ilə əməkdaşlıq, gənc futbolçuların “Lans”və Madrid klubunun düşərgəsinə təcrübəyə göndərilməsi, yaxşı maliyyə imkanları və s. İndi də “Sabah” Zaqreb “Dinamo”su ilə əməkdaşlıq edir, Xorvatiya klubunun nümayəndələri akademiyanın təşkilində yaxından iştirak edirlər. 22 yaşlı Eltun Turabov Albaniyanın “Biliş” klubuna icarəyə verildi. Hərçənd deyilənə görə, futbolçunun əmək haqqını yenə də “Sabah” ödəyir. Səviyyəcə Azərbaycan çempionatından fərqlənməyən Albaniya liqasında nə dərəcədə artırıb, inkişaf etmək olar, buna artıq özünüz qərar verin.

Bir sözlə, Ponomaryovu “Sabah”da ağır imtahan gözləyir. Yazıq indi ürəyində deyir ki, gül kimi Müşahidə Şurasında başım dinc oturmuşdum da, lazım idi, mənə 10 ildən sona baş məşqçilik etmək?

CAVİD

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti